2021/12/elnur-6560101508.jpg

line
Adı: Qafarov
Soyadı: Elnur
Ata adı: Mirzəxan
Doğum tarixi: 21.12.1981
Şəhid olub: 16.10.2020
Rütbəsi: MAHHXHQ çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Elnur Mirzəxan oğlu Qafarov 1981-ci il, dekabrın 21-də Siyəzən şəhərində anadan olub. Orta təhsilini 2 saylı tam orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra ordu sıralarında xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra bir müddət əmək fəaliyyətilə məşğul olub. Uşaqlıqdan hərbi sahəyə maraq göstərdiyi üçün 2011-ci ildən müddətdən artıq hərbi qulluqçu kimi Vətənə xidmətə başlayıb.

Azərbaycan Ordusunun çavuşu olan Elnur Qafarov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Füzulinin və Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.


Elnur səngərdə döyüşməklə bərabər, peşəkar sürücü kimi şiddətli döyüşlərin getdiyi ərazilərdən qənimət götürülən zirehli və digər nəqliyyat vasitələrinin çıxarılması, həmçinin işğaldan azad olunmuş ərazilərdə mövqelərimizin möhkəmləndirilməsi üçün də çalışıb. Daim güllə və mərmi yağışının altında olan Elnur dəfələrlə ölümlə üz-üzə gəlib. Elə buna görə də hər dəfə evə zəng vuranda ailəsi ilə sonuncu dəfə danışırmış kimi sağollaşıb.


Qəhrəman çavuşumuz oktyabrın 16-da Hadrut döyüşləri zamanı şəhid olub.

Anası Gülbacı Qafarova Elnurla həmişə fəxr etdiyini söyləyir: “Elnur mənim görən gözlərim, danışan dilim, sevimli balam idi. Ailəcanlı, uşaqlarını və işini sevən idi. Oğlum müharibəyə vəsiyyətini edib yollandı. İki dəfə Füzuliyə gedib gələndən sonra dedi ki, ana səni Allaha, uşaqlarımı isə sənə əmanət edirəm. Ola bilsin mən qayıtmadım, şəhid oldum. Elnur şəhid olan gün bunu hiss etdim. Ürəyim titrədi. Az sonra qardaşım evə gəldi. Yolda ona deyiblər ki, Elnur şəhid olub. Çox ağır xəbər oldu... Onun 39 yaşı olmasına baxmayaraq, bir iş görəndə yenə ana kimi məndən məsləhət alırdı. Atası rəhmətə gedəndən sonra Elnur evimizə böyüklük edirdi. Allah şəhidlərimizə rəhmət eləsin”, - deyə, Gülbacı Qafarova söyləyib.


Elnur Qafarov qardaşı ilə danışanda düşmənin döyüş texnikalarını, silah-sursatını qoyub qaçdığını, erməni hərbçilərinin müdafiə mövqelərini yarıb irəlilədiklərini, qələbənin yaxınlaşdığını söyləyib.
- Qardaşımla sonuncu dəfə elə şəhid olan günü, oktyabrın 16-da danımışdım. Yerini demirdi. Sən demə Hadrutda imiş. Saat 3-ə işləmiş zəng etdilər ki, Elnur şəhid olub. Döyüş yoldaşlarının dediyinə görə, Hadrutda ələ keçirilən düşmən texnikasını döyüş meydanından çıxararkən snayperlə vurublar. Elnur evin damında gizlənən erməni snayperinin atəşinə tuş gəlib. Üç güllə yarası almışdı, - deyə şəhidin qardaşı Amid Qafarov bildirib.


Elnur Qafarov ailəli idi. Ondan yadigar qalan oğlu Pərvizin 11, qızı Gülayın isə 8 yaşı var.

Şəhidin həyat yoldaşı Arzu Qafarova: “Elvin ailəcanlı və vətənpərvər insan idi. Hamının hörməti saxlayan biri idi. Oktyabrın 10-da mənimlə sonuncu dəfə danışdı. Dedi uşaqlarımıza yaxşı bax, müharibədir, hər an şəhid ola bilərəm. Dedim elə danışma. Uşaqlarımızın şəklini çəkib göndərməyimi istədi... Elə bilirəm o yenə də sağdır”.


Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Elnur Qafarov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.