2021/05/13098-1621348935.jpg

line
Adı: Muradov
Soyadı: Siyavuş
Ata adı: Akif
Doğum tarixi: 05.08.1991
Şəhid olub: 25.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vətən Müharibəsi başlayandan cəbhəyə könüllü yollanan igidlərimizdən idi 29 yaşlı şəhid leytenant Siyavuş Muradov. Ən böyük arzusu torpaqlarımızı düşməndən azad edib, bayrağımızın həmin torpaqlarda dalğalandığını görmək idi.

Baş leytenant Muradov Siyavuş Akif oğlu 1991-ci il avqustun 5-də Beyləqan rayonunda anadan olub. Sonra ailəsi Bakıya köçüb. 192 saylı orta məktəbdə oxuyub. Orta məktəbi bitirəndən sonra Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olub. Hərbi Dəniz Qüvvələrində xidmətini başa vurandan sonra Daxili Qoşunlarda hərbçi kimi fəaliyyət göstərməyə başlayıb. Sonra Milli Ordu sıralarında zabit kimi xidmət göstərib.

Azərbaycan Ordusunun leytenantı olan Siyavuş Muradov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Siyavuş Muradov oktyabrın 25-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Siyavuş Muradov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.



Oğlunun şəhadəti anası Ayna Muradovanı nə qədər qürurlandırsa da, gözlərindəki kədəri gizlədə bilmir: “Torpaqlarımız işğal altındadır deyə həmişə narahat idi. Arzusunda idi o torpaqlarda döyüşməyin, o torpaqlara bayraq sancmağın. Qəhrəman, mərd bir oğlan idi. Torpağın uğrunda da getdi”.

Şəhid Siyavuş Muradov general Polad Həşimovun tabutunu çiynində atası evinə gətirmişdi. Generalın şəhadəti Siyavuşun vətənə olan sevgisini, döyüş əzmini daha da qüvvətləndirmişdi sanki. Atası Akif Muradov deyir ki, “Polad kimi oğullar vətən yolunda canını verirsə, biz niyə qalmalıyıq” deyirdi: “Siyavuş idmançı idi. 3 il Daxili Qoşunlarda işlədi. Sonra orduda xidmət etməyə başladı. Elə deyirdi ki, torpaqlarımız alınmalıdır. Polad Həşimovun tabutunu atası evinə gətirmişdi, “biz də getməliyik” deyirdi”.

1992-1993-cü illərdə birinci Qarabağ savaşında iştirak edən şəhidin atası Akif Muradov “oğlumun şəhid olacağını hiss edirdim” deyir: “Elə oldu ki, bir gün zəng etdi, dedi ki, sən döyüşdüyün yerdəyəm, Füzulidə. Bir neçə gün sonra da zəng etdi ki, Füzuliyə bayraq taxdıq. Kəndə gəlmişdi, bildim ki, hücumdan gəlib. Dedi, Zəngilandan gəlirik, bir stəkan çay içdi, yenidən yola düşdü. Amma görüşmədi bizimlə, dedi ki, halallıq verin, gedirəm mən. Ayın 25-i gecə zəng gəldi ki, Siyavuş şəhid oldu. Mən getdiyi gündən bilirdim ki, onun hər dəqiqəsi ölümdür. Hiss edirdim şəhid olacaq, amma heç kimə demirdim”.

Düşməndən torpaqları azad etmək idi Siyavuşun ən böyük arzusu. Şəhadəti ilə bayrağımızı ucaldan, 30 illik yurd həsrətimizə son qoyan Siyavuş ardında gözüyaşlı, bir o qədər də qürurlu olan ailəsini qoyub getdi:

- Söhbət edəndə həmişə torpaqlarımızın işğaldan azad ediləcəyindən danışırdı. Həmişə ona zarafatla deyirdim ki, birinci evlənmək lazımdır, sənin 29 yaşın var. Həmişə ondan soruşurdum ki, niyə bu qədər torpaq haqqında fikirləşirsən. O da deyirdi ki, bir ölkənin generalı şəhid olursa, əsgəri niyə olmasın. Siyavuş bizim evin toyu-bayramı idi, hər şeyimiz idi o bizim.

- Cəbhəyə gedəndə mənə zəng etdi ki, bacı, gedirəm, gəl, görüm səni. Gəldim mən də. Dedi ki, mən könüllü yazılmışam, gedirəm döyüşə. İstədim ki, ata-anama deyəm, qoymadı. Soruşdum, hansı istiqamətə gedirsiniz, dedi ki, Füzuli istiqamətinə. Qucaqlamaq istədim, qoymadı, dedi ki, qayıdacağam.

İndi Siyavuş Muradovun ruhu rahatdır. Çünki ən böyük arzusu həyata keçib – işğaldan azad edilən torpaqlarımızda şanlı bayrağımız dalğalanır.

Şanlı qələbəmizi, yurd-yuva həsrətimizin sona çatmasını Vətən çağırdığı zaman tərəddüd etmədən canını ortaya qoyan şəhidlərimizə borcluyuq. Borcun ödənməz, cənab leytenant!