Ramin Məmmədli (tam adı: Ramin Aydın oğlu Məmmədli; 1997, Babaratma, Şəki rayonu — 2020, Suqovuşan, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi.
Məmmədli Ramin Aydın oğlu 14 noyabr 1997-ci ildə Şəki rayonu Babaratma kəndində anadan olmuşdur. 2004-cü ildə Babaratma kənd orta məktəbində təhsil almağa başlamışdır. Əmisi Habil Məmmədov, Birinci Qarabağ müharibəsi qazisidir. Ramin Məmmədli, məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. 2016-2017-ci illərdə Tap Qaraqoyunlu və Talışkənd ərazilərində hərbi xidmətdə olmuşdur. Hərbi xidmət illərində kəşfiyyatçı olaraq fəaliyyət göstərmişdir. Sentyabr ayının 29-dan könüllü olaraq Vətən müharibəsinə yollanmışdır. Ramin, Goranboy-Ağdərə istiqamətində olan döyüşlərdə şücaətlə vuruşmuşdur.
Döyüşlərdən birində qəlpə yarası almasına baxmayaraq, Ramin, yaralı halda neytral zonada olan digər bir silah yoldaşına yardım etmək üçün irəli qaçır. Ancaq bu anda snayper gülləsinə tuş gəlir və Suqovuşan ərazisində qəhrəmancasına Şəhidlik zirvəsinə yüksəlir. O, 18 oktyabr 2020-ci il tarixində doğulduğu Babaratma kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsindəki xidmətlərinə və düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi rəşadətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Ramin Məmmədli, "Vətən uğrunda" medalı ilə təltif edilmişdir.
memorial.az