Bəşirov Əyyub 1998-ci ildə Ərəş kəndində kasıb bir ailədə 3-cü oğul kimi dünyaya göz açıb. Orta təhsilli idi, sentyabrın 8-dən MAXE kimi xidmətə başlamışdı. Müharibənin ilk günündən ön cəbhədə vuruşan hərbçimiz Tərtər, Talış, Suqovuşandakı döyüşlərdə şücaətlə iştirak edib. Füzuli şəhəri uğrunda gedən gərgin döyüşlərdə oktyabrın 14-də qəhrəmancasına şəhid olub. Oktyabrın 16-da doğulduğu Ərəş kəndində dəfn olunub.
O, bu müharibəyə tək qatılmamışdı, qardaşı Bəşirov Elçin də ön xətdə vuruşan qəhrəmanlarımızdandır. Əyyub ailəsiylə son dəfə oktyabrın 12-də danışıb. Xəstəlikdən əziyyət çəkən anasının səhhətiylə maraqlanıb, iynə-dərman almağı, müalicəsini axsatmamağı tapşırıb və bir müddət onlarla danışa bilməyəcəyini deyib.
Qardaşına isə "burda vəziyyət gərgindir, telefonuma 2 gündən artıq zəng çatmasa, bilin ki, Şəhid olmuşam, mənə halallıq verin", - deyib.
Anası Rəna xanım onun son dəfə evə gəlməyini belə xatırlayır:
"Bir neçə saatlıq gəlmişdi, saat 5-də geri dönməli idi. Amma dayanmadı, saat 3 olmamış qəflətən durdu və getməli olduğunu dedi. Arxasıyca su atmaq üçün evə qaçdım, çıxanda isə nə qədər axtardım, tapmadım, getmişdi. Bəlkə də o suyu arxasıyca atsaydım, balam geri qayıdardı. Bunu özümə bağışlaya bilmirəm".
Əyyubun atası Bəşirov Ramiz isə I Qarabağ savaşı qazisidir.
O deyir:
"Mən şəhid olmalı idim, amma sağ qayıtdım, torpaqları itirdik. Balam isə bu torpaqları aldı və şəhid oldu".
Şəhidin 40 mərasiminə qədər kənd camaatı öz hesabına onların məhəlləsində xatirə bulağı tikiblər.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş qapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Əyyub Bəşirov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad edilməsi uğrunda” və “Cəsur döyüşçü ”medalları ilə təltif edilib.
Şəhidin həyat və döyüş yolu ilə bağlı video məlumatı təqim edirik: