2021/05/vv-1621359511.jpg

line
Adı: Allahverənov
Soyadı: Məhəmməd
Ata adı: Zöhrab
Doğum tarixi: 08.08.1995
Şəhid olub: 07.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Həyata göz açandan əmisi İbrahimin hərbi geyimini görmüş, bu geyimdə olmağı özü də arzulamışdı. Bu arzuya 25 yaşında, 2020-ci il iyulun 29-da çatanda uçmağa qanadı yox idi. Hərbi geyimi ona necə yaraşırdısa, valideynləri də onun hərbçi olmağına etiraz edə bilmədilər.

Məhəmməd Zöhrab oğlu Allahverənov 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub. Uşaq yaşlarından əmisi İbrahim Allahverənovun hərbi geyimi həmişə onun xoşuna gələrdi. Məhəmmədin adını da əmisi qoymuşdu. İbrahimlə Zöhrabın ataları Məhəmməd kişi vaxtilə Dərələyəz mahalından Kəlbəcər rayonunun Milli kəndinə köçmüş, orada məskunlaşmışdılar. Sonralar onlar Bərdə rayonunun Çəmənli kəndinə köçmüş və İbrahim Allahverənov da burada birinci sinfə getmişdi.
İbrahim Allahverənov Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirəndən sonra yalnız hərbi işlərdə işləyib. Müxtəlif vəzifələrdə polkovnik-leytenant rütbəsinə qədər yüksəlib. Moskvada və Qazaxıstanda, daha sonra Azərbaycanda hərbi vəzifələrdə çalışıb.

1990-cı illərdə Qarabağ Regional Mülki Müdafiə idarəsinin rəisi işlədiyi dövrdə Qarabağda ermənilərin separatçı hərakatının başlaması bütün azərbaycanlılar kimi həmin idarənin əməkdaşlarının da işlərində xüsusi çətinliklər yaratdı. Buna baxmayaraq, Regional idarənin əməkdaşları polkovnik-leytenant ibrahim Allahverənovun rəhbərliyi altında üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlirdilər. 1993-cü ilin aprelində Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələrinin təcavüzünə məruz qaldığı zaman Kəlbəcər rayonunundan olan qohum-əqrəbaların əksəriyyəti İbrahim Allahverənovun yaşadığı Çəmənli kəndinə pənah gətirib.


1995-ci ildə qardaşı Zöhrabın oğlu olanda İbrahim ona Məhəmməd adını verdi. Məhəmməd böyüdükcə ata-anası ilə yanaşı əmisi İbrahimi də özünə ata hesab edir, onun yanından əl çəkmirmiş. Həmişə onun hərbi geyimlərini geyinər, saatlarla özünü hərbiçi kimi apararmış. Ötən ilin sentyabr ayında Azərbaycan Ordusunun erməni işğalçılarına qarşı əks-hücumu başlananda Məhəmməd 3 aya yaxın idi ki, müddətdən artıq hərbi qulluqçu idi. O, hərbi əməliyyatların başlanmasını uzun illərdən bəri səbirsizliklə gözləyirdi. Odur ki, könüllü olaraq cəbhə bölgəsinə göndərilməsini xahiş edib.

Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. Atası Zöhrabla telefon danışıqları zamanı ona deyibmiş ki, sizin 90-cı illərdə edə bilmədiklərinizi indi biz, sizin övladlarınız fədakarlıqla edirik, erməniləri torpaqlarımızdan qovuruq, onlar hər şeyi qoyub qaçırlar.

Atası Zöhrab keçdiyi döyüş yollarından Məhəmmədə o qədər danışmışdı ki... Axırıncı dəfə atasına zəng edəndə Zöhrab ona ehtiyatlı olmağı məsləhət görmüşdü. Bir dəfə ayağından güllə yarası alan Məhəmməd sanitar hissədə yarasını sarıtdırandan sonra həkimlərin təkidinə baxmayaraq, yenidən döyüş bölgəsinə qayıtsa da, telefon danışıqlarında atasına bu barədə bir kəlmə də deməmişdi.

Son danışıqları oktyabr ayının 6-da olub. Ayın 7-də isə düşmən atəşi nəticəsində şəhadətə qovuşub. Şəhidlik zirvəsinə yüksələndən on bir gün sonra onun cəsədini döyüş zonalasından çıxara biliblər.

O, son gülləsinə qədər vuruşub və neçə-neçə ermənini məhv edib. Nəşini bizim hərbiçilər götürəndə Məhəmmədin yanında 11 erməni cəsədi də var idi.

Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Allahverənov Məhəmməd Zöhrab oğlu ölümündən sonra "Vətən uğrunda" "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qəbri doğulduğu Çəmənli kənd qəbiristanlığındadır. Atası Zöhrab və anası Səadət xanım övladlarının Vətən uğrunda şəhid olması ilə qürur duyurlar.