2021/05/Asker-1621358144.jpg

line
Adı: Əsgərov
Soyadı: Firavan
Ata adı: Xanbala
Doğum tarixi: 14.03.2001
Şəhid olub: 21.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Əsgərov Firavan Xanbala oğlu 14 mart 2001-ci ildə Sabirabad rayonunun Surra kəndində anadan olub. Orta təhsilini də elə M. Babayev adına Surra kənd tam orta məktəbində alıb. Məktəb illərindən zəhmətkeşliyi ilə seçilib.Texnikaya böyük marağı var idi, ekskovatorçu olan atasına kömək edir, atası da ona özünün “çörək ağacı” adlandırdığı maşını idarə etməyi öyrədirdi. Artıq 14 yaşından ekskovatoru sərbəst idarə etməyi bacarırdı. Sürücülük vəsiqəsi də almışdı.Atası ilə ta 18 yaşına kimi “Şirvan-Neftçi İnşaat” və “Kür-Araz MMC” də birgə işləyib, 2019-cu ilin aprel ayında isə vətənə borcunu ödəmək üçün həqiqi xidmətə yollanıb.

Xidmət dövrü əvvəlcə Cəlilabadda olmaqla, sonra Qaradağ rayonunun Şubani qəsəbəsində yerləşən “N” saylı(052) hərbi hissədə Xüsusi Təyinatlı Qoşunların sıralarında keçib. Burada o, həm baş sürücü kimi hərbi hissənin Rabitə Tibbi Yardım və Rabitənin Zirehli maşınını idarə edib, həm də mexanik kimi xidmət göstərib. Tovuz hadisələrində iştirak edən xüsusi təyinatlı əsgər, sonra İsmayıllı rayonunda Türkiyə və Pakistan hərbçiləri ilə iki aylıq çətin döyüş təlimi kurslarını uğurla başa vuraraq 2020-ci il sentyabr ayının 24-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndinə göndərilib.

Müharibə başladığı ilk gündən Goranboydan Tərtər istiqamətində döyüşlərə qatılmıb, Talış və Suqovuşan yüksəkliklərinin alınmasında gedən çox ağır döyüşlərdə iştirak edib. Bu yüksəkliklərdə ordumuzun mövqeyi möhkəmləndikdən sonra Firavanın da daxil olduğu XTQ hissələri Daşkəsən istiqamətindən Murovdağ yüksəkliyi uğrunda və Kəlbəcər ətrafında döyüşləri davam etdirib, komandanlığın xüsusi hücum planı əsasında əlverişli mövqedə yerləşən və ən ağır döyüşlərin şahidi məşhur “Koroğlu postu”nu düşməndən geri alıb.

Oktyabr ayının 20-dək çoxlu sayda çətin döyüş tapşırıqlarının yerinə yetirilməsində iştirak edən Xüsusi Təyinatlı Firavan Əsgərov Cəbrayıl, Füzuli, Qubadlı və Xocavənd rayon qəsəbə və kəndlərinin də düşməndən azad olunmasında qəhrəmanlıq göstərib. Hadrut qəsəbəsinin azad edilməsi istiqamətində 20 oktyabr gecə ikən komandanlıqdan xüsusi tapşırıq alan 17 nəfərlik dəstə ərazidə əlverişli mövqe tutub və iki döyüşçü, biri Firavan Əsgərov olmaqla düşmən mövqelərini təyin etmək məqsədilə kəşfiyyata göndərilib. Səhərüzü tapşırığı icra etmək üçün yollanan kəşfiyyatçılar yaxınlıqda ermənilərin gizləndiyi məkanı aşkar edib. Firavan, məlumatı döyüş yoldaşlarına çatdırmaq üçün gedən kəşfiyyatçı dostunu gözləmədən əvvəlcə qəfil atəşlə erməniləri çaş-baş salıb, sonra isə onların içərisinə atılaraq əlbəyaxa döyüşə başlayıb. Uşaqlıqdan qorxmazlığı, cəsarəti ilə seçilən Firavan təkbaşına 10 nəfərdən çox düşmən əsgər və zabitini məhv etsə də, bu onun son döyüşü olub, aldığı ağır güllə yarasından şəhidlik məqamına ucalıb…

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən haqlı davada xüsusi cəsarət və igidlik göstərən Əsgərov Firavan Xanbala oğlu Surra kəndində dəfn edilib və ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən, “Hərbi xidmətlərə görə” , “Vətən Uğrunda, “ Cəbrayılın azad edilməsinə görə” , “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.

Cəmi 19 il yaşadı, amma adını İkinci Qarabağ müharibəsinin qəhrəmanı kimi tarixə də, ürəklərə də yazıb getdi Firavan, elə vətən mülkünün firavanlığı naminə öz həyatını qurban verdi. Əqidəsi yolunda bircə an belə tərəddüd etmədən şirin canına qıydı, qələbənin əzəmətini qanı axıb torpağa qarışınca hiss etdi, sonuncu dəfə uzaqlara dikilən baxışları ilə qap-qara torpağın gülzara çevrildiyini gördü. Əbədiyyət yolçusu olmazdan öncə doğma Vətəninə əbədiyyət bəxş etdi, ailənin yeganə oğlu idi, indi isə bütün xalqın oğludur Firavan!.. Azadlığı yolunda özünü fəda etdiyin Vətən səni heç vaxt unutmayacaq, igid əsgər…