Vətən Müharibəsi zamanı İsmayıl Səmədovun dəstəsi Murov dağından sonra Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə igidlik göstərərək, yurd yerlərimizin azad olunmasında fəal iştirak edib. Kapitan təcrübəli zabit kimi döyüşlərdə tabeçiliyində olan hərbiçiləri irəliyə aparıb. “Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun. Ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz!”,- deyən kapitan İsmayıl Səmədov bu sözləri ilə hərbçilərimizə əsl vətənpərvərlik ruhu aşılayırdı.
İsmayılın sağ əli olan gizir, əslən Quba rayonunun Alpan kəndindən olan Cavad Nasir oğlu Babayevin mətbuata verdiyi açıqlama: “O, ən ağır döyüşlərdə belə öndə gedib bizi qorudu, döyüşlər zamanı beynəlxalq taktikalardan yararlandı və uğurlu əməliyyatlar qurdu... Oktyabr ayının 4-dən başlayaraq, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində şiddətli döyüşlər getdi. Cəsur komandirimizin bölüyü, yəni biz oktyabr ayının 3-dən 4-nə keçən gecə Cəbrayıl istiqamətində düşmənin televiziya qülləsini qoruyan bir tankını və 8 nəfərlik canlı qüvvəsini məhv etdik. Oktyabr ayının 7-də komandirimiz İsmayıl Səmədovun əmrinə əsasən, gecə saatlarında Füzuli-Hadrut yolunu düşməndən təmizlədik. Bizim bölüyümüzün nəzarətçi qrupu ərazidə düşmən snayperlərin olduğunu müəyyənləşdirdi. Əvvəlcə bu snayperlərdən 3-nü, sonra isə arxadan bizə atəş açan düşmənləri məhv etdik.
Oktyabr ayının 10-da Füzuli rayonu Gorazıl kəndini və Horadiz-Füzuli-Hadrut yolunu tutmaq tapşırığını aldıq. Bu əməliyyat zamanı gərgin anlar keçirdik. Əvvəlcə düşmənin 10-a yaxın texnikasını zərərsizləşdirərək, yolu təmizlədik və həmin kəndə daxil olduq. Ertəsi gün, yəni oktyabr ayının 11-də Hadrut qəsəbəsinin azad olunması uğrunda düşmənlə bizim taborumuzun daha ağır, şiddətli döyüşləri oldu. Həmin döyüşdə xain ermənilər bizə qarşı böyük qüvvə ilə hücum etdilər. Düşmənin çoxlu sayda texnikasını, döyüşçülərini darmadağın etməyimizə baxmayaraq, xeyli itki verdik. Həmin döyüşdə təəssüflər olsun ki, fəxrimiz, Silahlı Qüvvələrimizin dəyərli, təcrübəli zabiti, bölük komandiri, Xüsusi Təyinatlıların öncülü, kapitan İsmayıl Səmədov da namərd düşmənin snayperlə açdığı atəş nəticəsində qəhrəmancasına həlak oldu".
İsmayıl Səmədovla birgə vuruşan digər XTQ döyüşçüsünün (hazırda xidmətdə olduğundan adının açıqlanmasını istəmədi - red) xatirəsi: “İsmayıl kordinator idi. Düşmən bölmələrinin yerlərini tapıb, topçu batareyalarına məlumat ötürürdü. Spayk manqasının idarəçiliyi ona tapşırılmışdı. Cəbrayıl döyüşlərində 9 tank vurdurmuşdu. Arazboyu hücumlar zamanı taborumuz birgə fəaliyyətə başladı. Cəbrayılda teleqüllənin ətrafındakı strateji yüksəkliyin azad edilməsi ilə bağlı komanda aldıq. Oktyabrın 4-ü gecə saatlarında İsmayıl 25-30 nəfərlik heyətlə hücum edib, yüksəkliyi azad etdi. Orada onun qrupundan 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı. Həmin təpəni götürmək asan şey deyildi. Biz 3 gün yüksəklikdə qaldıq. Ərazini milli ordunun bölməsinə təhvil verdikdən sonra Füzuli-Hadrut istiqamətində hərəkətə başladıq. Növbəti tapşırığımız Hadrutun aşağısında yerləşən Gorazıllı kəndini azad etmək idi.
Oktyabrın 7-si gecə kəndə yaxınlaşanda orada bizi düşmənin snayper və 15 nəfərdən artıq qüvvəsi gözləyirdi. İsmayıl öndə gedən qrupun rəhbəri idi. Onun və yoldaşlarının ayıq-sayıqlığı nəticəsində ermənilərin bizi pusquya salmasının qarşısı alındı. Düşmənin 3 snayperi məhv edildi, arxada yerləşən bölməsindən 5 nəfər zərərsizləşdirildi. Digər şəxsi heyəti isə qaçıb getdi. Orada bir zabitimiz qolundan yaralandı, bir nəfər də şəhid verdik. İsmayılgilin ayıqlığı olmasaydı, itkimiz çox ola bilərdi. Biz kəndə yaxınlaşdıq, ancaq giriş əmri verilmədiyi üçün oradan 1 km aralıda yerləşən meşəlik əraziyə getdik. Ayın 10-u günortaya qədər meşədə yerləşməli olduq. Yeməyimiz və suyumuz bitmişdi. Kəşfiyyat bölüyü olduğumuz üçün bizə təminat gəlmirdi. Çox qabaqda idik. Elə olurdu ki, bizim arxamızda düşmən bölmələri milli ordumuzla döyüşürdülər.
İsmayıl hazırlıqlı hərbçi idi. Onun çantasında həmişə yeyiləcək bir şey, su və corab olardı. Gecə yatmışdım, məni yuxudan oyadıb balaca bir şokolad verdi və dedi, "bunu ye ki, mədəndə nəsə olsun”. Öz yoldaşlarını o qədər fikirləşən, sədaqətli insan idi. Ayın 10-u səhər saatlarında biz düşmənin ətrafda qalan bir danasını kəsib alaçiy bişirib yedik ki, taqətimiz olsun. Həmin gün bir neçə saat sonra kəndə girəcəkdik.
Beləliklə, komanda veriləndən sonra axtarış qrupları yaradıldı və biz kəndə daxil olduq. Orada iki nəfər 50 yaşdan yuxarı erməni qalmışdı. Onlar kəndin girəcəyində evdə gizlənmişdilər və bizə atəş açmaq üçün uyğun şərait gözləyirdilər. Qumbaraları və avtomatları var idi. İsmayıl onları uzaqdan evləri müşahidə etdiyi zaman görmüşdü. Buna görə də ehtiyatla evə yaxınlaşıb, içinə qumbara ataraq hər iki ermənini məhv etdi. Hər qrup nəzarət etdiyi ərazinin təmizliyi barədə məlumat verdikdən sonra biz kənddə mövqeləndik. Oranı dairəvi olaraq hər tərəfdən müşahidə və mühafizə etdik.
Düşmən bölmələri Füzulidən Hadrut istiqamətində olan maşın yolunda hərəkət edirdi. Tabor komandirinin göstərişi ilə İsmayılın və Sənan adlı yoldaşımızın pusqu qrupları ermənilərin 10-dan çox avtomobil texnikasını və heyətini məhv etdi. Oradan bir nəfər sağ çıxa bilmədi.
Digər bölməmiz isə Füzuli döyüşlərində düşməni sıxışdırmışdı deyə ermənilər artıq Füzulidən Hadruta geri çəkilmək məcburiyyətində qalmışdılar. Onlar bilmirdilər ki, biz Hadrutun yaxınlığındakı kəndə yerləşmişik. Düşmənin gələcəyini bildiyimiz üçün yola minalardan maneələr qurduq. Ayın 11-i saat 2-nin yarısı ermənilər 3 "Kamaz"da 60-dan çox döyüş hazırlıqlı canlı qüvvə və xeyli silahla geri qayıtdılar. Onlara yolu minalamağımızla bağlı məlumat daxil olmuşdu. Ona görə də həmin istiqamətdə deyil, bizim istiqamətimizə, kəndin girəcəyinə dönməli oldular. Düşmənin arxada gələn "Kamaz"ı vuruldu və yanan maşının ora- bura qaçışan şəxsi heyəti bizim tərəfimizdən məhv edildi. Digər iki "Kamaz" isə əvvəl yerləşdiyimiz meşə ərazisinə sıxılmağa məcbur qaldı. Fikirləşirdilər ki, oradan çıxış yolu tapacaqlar, ancaq kəndi blokadaya almışdıq, mühasirədən çıxmaq şansları yox idi. İsmayıla və qrup komandirinin müavini Bəxtiyar İslamova hərəkətə keçməyimizlə bağlı işarə verdim. Onlar sağdan, biz mərkəzdən, digər qrup isə meşənin girəcəyindən hücuma keçdi. Qrupumuz çox yaxına getdi. Düşməni sıxışdırdıq. Həmin vaxt mən və digər döyüş yoldaşım yaralandıq. İki sanitarımız şəhid oldu. İsmayılgil meşənin içində mövqelənmişdilər. Biz vurulduqdan sonra İsmayılın olduğu qrup düşmənə əks-hücum həmləsi etdilər. Atışma zamanı kor bir gülə gəlib onun alın nahiyəsinə dəyib. Köməkçi yoldaşı Əmrah da şəhid olub.
Ayağımdan snayper gülləsi ilə yaralanmışdım, yeriyə bilmirdim. Sanitar maşınımız bir az arxada idi, yaxınlaşan kimi vururdular. Məni atın üstünə qoyub aparırdılar. Orada dedilər ki, İsmayıl yaralanıb və onu xərəkdə gətirirlər. Sevindim ki, yaralansa da sağdır. Ancaq o, yolun yarısına çatanda, vurulandan yarım saat sonra şəhid olub. Bu xəbəri eşidəndə elə bildim ki, qardaşımı itirdim. Öz ağrılarım yadımdan çıxdı, çox pis oldum. İsmayıl artilleriyanın gözü idi”.
Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Səmədov Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda şücaətlə vuruşaraq oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Cəsur döyüşçü", “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib və “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
AzVision.az ilə söhbətində İsmayıl Səmədovun həyat yoldaşı Bəsti İsmayılova deyib ki, qızları Nurgil hər gün atasını soruşurdu: "Ona İsmayılın işdə olduğunu deyirdim və qəbul edirdi. Bir dəfə yoldaşımın hərbi formasını çöldə ipdən asmışdım. Onu görüb, soruşdu ki, “ana, atam qolsuz kofta ilə işə gedib?” Artıq ona yalan danışmaq istəmədim və dedim, ata cənnətdədir. Qəbul etmədi, xeyli ağladı.
Ancaq sonradan o da vəziyyətlə barışdı və dedi ki, ata cənnətdədir. Harasa gedəndə soruşurdu ki, atanın yanına - Cənnətə gedirik? Mən qızıma bildirdim ki, atanın yanına getmək üçün böyüməyimiz, yaxşı oxumağımız, yaşamağımız və qocalmağımız lazımdır. Bir müddət Nurgili İsmayılın yoxluğuna alışdırmaq üçün psixoloqa apardım. Ondan sonra sakitləşdi".
Atası rəhmətə gedəndə şəhidin oğlu Mehdi 9 aylıq olub. Bəsti xanım ona İsmayılı sevməyi şəkillərdən öyrədib. Hər dəfə atasının papağını görəndə onu soruşur.
- Nurgil qardaşına deyir, "Mehdi, ağlama,biz də atamızn yanına, cənnətə gedəcəyik”. Çox çətindir. Amma uşaqlarım və İsmayılın yuxularıma gəlməsi mənə təsəllidir. Onu yuxuda çox az, bəlkə, 12 ayda heç 12 dəfə görməmişəm. Yuxularıma uşaqlarla birgə oynadığı səhnələr gəlir. Deyir, "Bir ildir ki, sənin yanındayam. Özünü toparla. Arada yenə gələcəyəm”. Hərdən onun doğurdan da gəldiyinə çox inanıram. Qoxusu burnuma gəlir. Məzarını ziyarət edəndə hiss edirəm ki, əli çiynimdədir və ya əlimdən tutub. Hərdən belə hisslər olur. Gerçək olan isə budur ki, o cismən bizimlə deyil.
Ismayılın övladları ilə bağlı arzuları olub. Qızı Nurgilin gimnastika ilə məşğul olmasını, ingilis dilini öyrənməsini istəyirdi. Bu gün 4 yaşlı balaca bağçada ingilis dilində sözlər öyrənir. Bu anasını çox sevindirir. Atasının istədiyi kimi övlad yetişdirdiyi üçün Bəsti xanım qürurlanır.
- Deyirdi, oğlumuz çox güclü uşaq olacaq. Mən onları Vətənə layiq yetişdirəcəyəm. Qoy atalarının adını uca tutsunlar. Məni İsmayılın elə adı ayaqda saxlayır. Uşaqlarım ata çörəyi yeyirlər. Kiməsə möhtac deyiləm. Bizi ələbaxan etmədi. Uşaqlarımın yanında ağlamıram. Bacardığım qədər göz yaşımı görmürlər. Qaynanam Həlmət xanım da nəvələri ilə nəfəs alır. Oğlunun iyisini onun uşaqlarından almağa çalışır . Bacardıqları qədər dik dururlar ki, biz də onlara baxıb pis olmayaq. Uşaqlarım da nənə və babaya çox bağlıdırlar.
Bəsti xanıma İsmayılla birgə getdiyi yerlərdən keçmək, xatirələri yenidən oyatmaq çox çətindir: "İsmayılın şəhid olduğu yerə gedə bilmərəm. Hələ buna hazır deyiləm. Onunla çox olduğumuz şəhərlərdən, yerlərdən keçməməyə çalışıram. Xatirəsi ağırdır. Həyəcan keçirmək istəmirəm. Yenidən o şeyləri yaşamaqdan, yenidən o xəbərləri eşitməkdən qorxuram. Mənim üçün bundan sonra ən gözəl yer İsmayılın yanıdır. Uşaqlarım üçün ayaqda dururam. Bu qədəri əlimdən gəlir. Əgər İsmayıl məni eşitsəydi, ona deyərdim, Niyə tək qoyub getdin? Vəfan bu qədər idi? Kaş belə olmazdı. Ancaq nə edə bilərik, Vətən hər şeydən önəmlidir. O canını güdmədi. Əsil qəhrəmanlardandır. Mehdilərə, Nurgillərə bu dərd qalmasın deyə savaşdı. İstədi ki, biz rahat yaşayaq".