Giziri Feyziyev Vətən müharibəsinin gedişində 29 sentyabrda Ağdərə döyüşlərində iştirak edərək şəhid olub. 18 noyabrda Yardımlı rayon Zevin kəndində dəfn edilib. Ölümündən sonra “
Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Atası
Tahir Feyziyev deyir ki, şəhid oğlu Sadiq 4 il öncə baş verən döyüşlər haqda danışarkən deyib ki, erməni pilotsuz uçuş aparatları onların taborunu vurarkən bir neçə əsgər yaralanıb:
“Komandiri deyib ki, “Getmə, səni vuracaqlar”. Sadiq özünü qabağa ataraq atəş zərbələrinin altında yaralı əsgərləri çıxarıb, onlara tibbi yardım göstərib. Bu vaxt isə özü ayağından xəsarət alaraq yaralanıb. Bu qəhrəmanlığına görə Sadiq Feyziyevi general Hikmət Həsənov mükafatlandırmışdı”.
Sentyabrın 28-də atasına zəng edərək
“set tutmayacaq yerə gedirəm, bir neçə gün danışa bilməyəcəyik, narahat olmayın” , deyib. Lakin ondan sonra ailəsi onun bir də heç vaxt səsini eşidə bilməyib...
Şəhid olandan sonra isə neytral zonada qaldığı üçün bir müddət cəsədini götürə bilməyiblər. Noyabrın əvvəlində şəhid gizirin cəsədi götürülərək DNT testi edilib və ailəsinə təhvil verilib. Sadiq doğulduğu kənddə dəfn edilib.
Döyüş yoldaşları deyir ki, Sadiq Feyziyev irəli hücuma keçən dəstə ilə getməyə bilərdi, arxada qalıb yaralıları qəbul edə bilərmiş...
Tahir kişi bildirir ki, oğlu bu təkliflə razılaşmayıb:
“Sadiq deyib ki, mən yoldaşlarımdan arxada qala bilmərəm. Onlarla birgə irəli gedib döyüşərək, həm də yoldaşlarına tibbi yardım göstərib. İlk olaraq Talış kəndi və Suqovuşan qəsəbəsinin azad edilməsində iştirak edib. Sadiq xüsusi təyinatlı dəstə ilə yanaşı irəliləyib, qərargah rəisi də onlarla birgə olub. Suqovuşandan sonra Ağdərə istiqamətində irəliləyərkən snayper Sadiqi vurub və yaralanıb. Ondan sonra qərargah rəisi də vurulub. Sadiq özü yaralı olduğu halda qərargah rəisinə tibbi yardım göstərib. Bu zaman onların olduğu yer raket zərbəsi ilə vurulub, qəlpədən həm Sadiq, həm də qərargah rəisi bir yerdə şəhid olublar”.
Şəhidimiz Sadiq Feyziyev evli olub, 2 yaşlı bir oğlu var. Onun həkim kimi hərbi xidmətdə olduğu müddətdə həyat yoldaşı və övladı da cəbhə zonasında, Ağdam rayonunun Təzəkənd kəndinə yaşayıblar.