44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Tərzan Həşimovdur.Tərzan Qəhrəman oğlu Həşimov 13 aprel 1989-cu ildə Lerik rayonunun Bibihoni kəndində anadan olub.
Tərzan Həşimov 2010-cu il mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alıb və Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmət etməyə başlayıb.
Şəhid Tərzan Həşimov rabitəçi gizir rütbəsində xidmət göstərib.O düşmən dilini dəlis şəkildə bilirdi.Döyüş yoldaşlarının sözlərinə görə, bir neçə dəfə düşmənlə rabitəyə girərək düşmən texnikasını məhv edib.
O, 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib və döyüş zamanı yaralanıb.O, döyüş müddətində xüsusi iradə göstərib və neytral zonadan döyüş zamanı həlak olan şəhidimizi çıxarıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Tərzan Həşimov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.Tərzan Həşimov Füzuli rayonu uğrunda gedən döyüşlər zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərzan Həşimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tərzan Həşimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Tərzan Həşimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.