Şahin Bayram oğlu Qədirov 1990-cı il yanvarın 3-də Qaradağ rayonunun Çeyildağ qəsəbəsində anadan olub.
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Şahin Qədirovdur.
1996-cı ildə Çeyildağ qəsəbəsində yerləşən Siyavuş Muradov adına 224 saylı orta məktəbin 1-ci sinfinə gedib, 2005-ci ildə həmin məktəbi bitirib.
Hələ məktəb vaxtından idmana böyük həvəsi olan Şahin bir neçə idman növü ilə məşğul olub, Bakı şəhərində keçirilən yarışlarda iştirak edərək uğur qazanıb. Şahingil ailədə 5 uşaq olublar. 2 qardaş 2 bacısı var. Uşaqların içində ən deyib-gülən,ən zarafatcılı Şahin olub.
2008-ci ilin yanvar ayının 5-də Bakı şəhəri Qaradağ rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb. Hərbi xidmətdə göstərdiyi yüksək xidmətlə hamıdan fərqlənir. Elə xidmətdə olarkən Xüsusi Təyinatlı Qüvvələrin kəşfiyyat qrupuna imtahan verir və qəbul olur qəhrəmanımız. Müddətli hərbi xidmətin yüksək səviyyədə bitirən Şahin ömrünü məhz hərb sənətinə xidmətdə keçirmək qərarına gəlir və Xüsusi Təyinatlı Qüvvələrin Yaşmada yerləşən “N” saylı hərbi hissəsində gizir kimi fəaliyyətini davam etdirir.
Şahin Qədirov 20 iyun 2019-cu ildə "AZƏRBAYCAN ORDUSUNUN 100 İLLİYİ" medalı ilə, 26 iyun 2019-cu ildə "QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" 3-cü dərəcəli medalla təltif olunub.
12 il Yaşmada yerləşən "N" saylı XTQ (“Ölüm Mələkləri”) hərbi hissəsində gizir olan Şahin digər Vətən övladları kimi Qarabağın azadlığı, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Ali Baş Komandanın hücum əmrini səbrsizliklə gözləyir.
Azərbaycan Ordusunun giziri olan Şahin Qədirov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahin Qədirov oktyabrın 6-da Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə yüksəlib. Qaradağ rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin Qədirov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şahinin anası, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Çeyidağ qəsəbə klubunun direktoru Zərifə xanım Qədirova: “Şahin Vətənə o qədər bağlı idi ki, bütün təlimlərdə həvəslə iştirak edərək yüksək nəticə göstərir. 2013-cu ildə "AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNİN 95 İLLYİ" yubiley medalı ilə təltif olunur. 2016-cı ildə 4 gün davam edən Aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərir. Lələtəpənin azad olunmasında böyük əməyi olur. Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə oğlum orden və medallarla təltif olunur” – deyə göz yaşını saxlaya bilməsə də övladı haqqında qürurla danışır.
Zərifə xanım: “Hər dəfə evlə əlaqə saxlayanda başınızı dik tutun, alnınız açıqdır, düşməni qıra-qıra gedirik deyirdi. Axırıncı dəfə oktyabrın 4-ü ondan zəng gəlir” - deyir.
Şahin ailəli idi. Ondan Vətənə yadigar 6 yaşlı oğlu Bayram qalıb. Balaca Bayram anasından xahiş edib ki, ona əsgər paltarı geyindirsin və şəklini çəksin. O, əlinə oyuncaq avtomatını götürüb, əsgər paltarında şəkil çəkdirərək, anasından hər iki şəkli birləşdirməyi xahiş edib. Ailənin də ən böyük arzusu Bayramın atası kimi qəhraman oğul olmasıdır.
“Ot kökü üstə bitər” – deyib müdriklərimiz. Bu gün dünyanı hələ uşaq gözü ilə seyr edən, lakin qismətinə ata şəhadətini körpəlikdən yaşamaq düşən balaca Bayram böyüdükcə dərk edəcək ki, onların sülh içində xoşbəxt gələcəyi məhz Şahin kimi ölümü gözə alıb rəşadətlə döyüşən Şəhid hərbçilərimizin, Şuşada və cümlə Qarabağda bayrağımızı yüksəklərə qaldıran cəsur Qazilərimizin şərəfli əzminin bəhrəsidir.
Gizir Şahin Bayram oğlu Qədirov silahdaşları ilə birlikdə Azərbaycanın yeni tarixində qəhrəmanlıq səhifəsi açanlardandır. Onun döyüş yolu igidlik məktəbi kimi neçə-neçə nəslə örnək olacaq.
Üzümüzü Şəhidimizin anası Zərifə xanıma və bütün Şəhid ailələrinə tutaraq onların qarşısında baş əyir və belə igid övladlar böyüdüb, Vətənə bəxş etdiklərinə görə təşəkkürümüzü bildiririk.
Hər Şəhidimiz qürurumuz, hər Şəhid ailəsi öz ailəmiz, hər Şəhid balası isə övladımızdır.
Şəhidlər ölməz,Vətən bölünməz!