Əli Tədbir oğlu Quliyev 1984-cü il sentyabrın 9-da İmişli rayonunun Otuziki kəndində anadan olub. Yeniyetmə çağlarında torpağa, Vətənə bağlı olması ilə seçilib. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Əli xidməti dövründə də nizamlı əsgər olaraq fərqlənib.
Xidmətini bitirdikdən sonra hərbçi olmaq arzusu ilə yaşayan qəhrəmanımız öz istəyilə müddətdən artıq hərbi xidmətçi kimi Vətənin keşiyində dayanıb. Nizam-intizamı ilə fərqlənən Əli xidmətini Xüsusi Təyinatlı Qüvvələrin tərkibində davam etdirib.
Ömrünün tən yarısını, yəni 18 ilini Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrində xidmət edib. Onun həyatda ən böyük amalı illərlə düşmən tapdağında qalmış Qarabağı azad etmək olub. Məhz xalqımızın yaşadığı bu ağrı-acını unutdurmaq və birdəfəlik yaddaşdan silmək məqsədilə canını fəda etdi Əli.
O hələ 2016-cı ilin aprel döyüşlərində özündən, hünərindən söz açdırmağı bacarıb. Belə ki, dörd günlük müharibədə gizir Əli Quliyev ermənilərə əməlli-başlı dağ çəkib. Döyüşlər zamanı igidliyinə görə fərqlənənlərdən biri olub.
Sentyabrın 27-dən Vətən Müharibəsinin ön cərgələrində yer alan Əli bacarıqlı və təcrübəli snayper kimi düşmənin xeyli canlı qüvvəsini məhv edib. Cəbrayıl, Xocavənd, Hadrut uğrunda gedən döyüşlərdə fəallıq göstərərək, torpaqlarımızın işğaldan azad olunmasında birbaşa iştirakçı olub. Hətta döyüşlərin birində ayağından ağır yaralansa da, döyüş meydanını tərk etməyib.
Şəhid olacağını hiss edən Əli ömrünün son günlərində valideynlərinə zəng vuraraq, halallıq istəyirmiş. O, oktyabrın 26-dan 27-ə keçən Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidimizdən iki oğul yadigar qalıb. Onlar ataları ilə hər zaman qürur duya, iftixar hissi keçirə bilərlər.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamlarına əsasən Əli Quliyev ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.