Torpaqlarımızı azad edərək şəhidlik zirvəsinə yüksələn igid oğullarımızdan biri də Qəzənfər Mütəllimovdur.
Qəzənfər Ədalət oğlu Mütəllimov 1992-ci il yanvarın 27-də Sumqayıt şəhərində anadan olub.
Qəzənfər Mütəllimov 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə iştirak edib.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Qəzənfər Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl rayonunun azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.
Qəzənfər Vətən Müharibəsində döyüşçüləri silah-sursat və ərzaqla təmin etməklə yanaşı, ağır döyüşlərdə də iştirak edib. 300-dən çox yaralını və xeyli şəhidi döyüş meydanından çıxaran Qəzənfərə "Pələng" ləqəbi qoyublar.
Qəzənfər Mütəllimov oktyabrın 5-də Cəbrayıl döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılaraq hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 24 dekabr tarixli Sərəncamına əsasən Qəzənfər Mütəllimov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
“Aprel döyüşlərində itkin düşmüşdü. 3 gün ondan xəbər ala bilmədik. Mən öyrəşmişdim, bilirdim ki, işdədi. Sonra mənə başqa nömrədən zəng gəldi. Qəzənfər dedi ki, sağam, narahat olma. Gələndən sonra deyirdi ki, dostlarım şəhid oldu, mənə şəhidlik zirvəsi qismət olmadı. Müharibə başlayanda sevinə-sevinə döyüşə getdi. Taleyinə şəhidlik yazılmışdı deməli, Vətən müharibəsində arzuladığı zirvəyə çatdı”.
Bu sözləri 1992-ci ildə Sumqayıt şəhərində dünyaya gələn qəhrəmanımız, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri şəhid Qəzənfər Mütəllimovun anası Minəxanım Mütəllimova deyir.
Hərbi xidmətini Tərtər istiqamətində düşmənlə sərhəddə başa vuran Qəzənfəri düşmən bir neçə dəfə snayperdən hədəf alsa da, məqsədinə nail ola bilməyib.
Anası deyir ki, hərbçi olmaq üçün icazə verməsə də, oğlu nəyin bahasına olur-olsun, hərbini seçdi. Qəzənfər Mütəllimov Azərbaycan Ordusunun tərkibində Azərbaycanın Sülhməramlı Qüvvələrində və NATO-nun təlimlərində iştirak edib. Kəşfiyyatçı kimi xidmət göstərən qəhrəmanımız dəfələrlə döyüş tapşırıqlarını yerinə yetirmək məqsədilə düşmən tərəfinə keçib.
Minəxanım deyir ki, oğlu aprel döyüşlərində iştirak edən zaman da onun şəhid xəbərini alıb, amma yalan çıxıb: “Qəzənfər Aprel döyüşlərində iştirak edəndə 3 gün ondan xəbər olmadı. Əsgər yoldaşları da onu görmədiyini deyib. Hər kəs onu artıq şəhid bilirdi. Amma oğlum dörd əsgər yoldaşı ilə birlikdə daha dörd yaralı əsgəri çiyinlərində daşıyaraq döyüş meydanından sağ-salamat çıxarmışdı. Neçə kilometr yol gəldikdən sonra yoldaşları bilib ki, onlar sağ-salamatdı. Mənə üç gün sonra şəhid xəbərinin üstünə salamat olduğunu dedilər. Əsgər yoldaşları deyirdi ki, nə qədər yaralı, şəhid yoldaşlarını daşıyıb təhlükəsiz mövqelərə gətirib. Bunu mən demirəm, Allah bilir. Əsgər yoldaşlarının balam haqqında mənə danışdıqlarıdır”.
“Ermənilər Qəzənfərin başına pul qoymuşdular, ondan o qədər qorxurdular”
Qəzənfəri erməni snayperindən Allah qoruyub: “Müharibə başlayanda Qəzənfər mənə zəng elədi ki, ana narahat olma, mən gəzməyə gedirəm. Bu sözündən başa düşdüm ki, artıq döyüşdədir. Aprel döyüşləri onun birinci müharibəsi olub. Bu dəfə ona hər şey adi gəlirdi. Deyirdi ki, müharibə kinolardakı kimi deyil, çox başqa və çox gerçəkdir. Cəbrayıl istiqamətinə qədər düşmənləri məhv edə-edə gəlirlər. Hamının gözü balamda olub ki, ermənilər onu şüacətinə görə xüsusilə öldürmək istəyirlər.
Balam hərbi maşında gedəndə erməni oğlumu hədəf alıb. Döyüş yoldaşları deyir ki, biz gördük ki, vuruldu. Maşında gedəndə maşını hədəf alıb, partladıblar. Hamı deyib ki, öldü, sağ qalmaz. Sonra görüblər ki, partlamazdan qabaq maşından atılıb. Əli-qolu əzilsə də, sağdı. Heç kim inanmayıb deyə öz aralarında Qəzənfərə “pələng” deyə səsləniblər.
Oktyabrın 5-də Qəzənfər səkkiz nəfərlə Cəbrayıl istiqamətində kəşfiyyata düşüb. Qoca erməni qurdları irəlidə pusqu qurub, atışma olub. Üzbəüz döyüş gedib, döyüşdə ermənilərin bir neçəsini öldürsələr də, oğlumla birlikdə daha yeddi igid əsgərimiz orada şəhid olub”.
Şəhidin anası deyir ki, Qəzənfərin nəşini döyüş meydanından çıxaran uşağı görəndə dözə bilməyib: “O uşaq mənə deyəndə ki, oğlunuzu mən çıxarmışdım, dedim ki, sənin əllərinə qurban olum. Uşaq oğlumun şəklinə baxıb hönkür-hönkür ağlayırdı ki, Qəzənfər ölməli deyildi. Əsgər yoldaşına yalvardım ki, mənə balamın yarasını desin. Üzünü aşağı salıb dedi ki, Qəzənfəri qarın boşluğundan güllə yarası ilə vurublar”.
Ölümündən bir gün qabaq çəkdiyi videosunda geyindiyi hərbi forması ilə də tabuta qoyulub qəhrəman şəhidimiz.
“Hər gün işdən gələndə məni qucaqlayıb öpərdi, indi sanki dünyada tənha qalmışam”.
“Qəzənfəri gözümün qabağında əlimdən alıb, torpağa qoydular. Bir ana buna necə dözsün? Oğlum bir gün sözümdən çıxmadı, məni üzmədi. Evimizin dirəyi, ümidim idi. Onu dəfn edəndə sanki qulağıma mənə “anacan, sənə qurban olum” dediyinin səsi gəlirdi. Əlimdən nə gəlir ki, balama “lay-lay” deyib, yola saldım axirət evinə. Hərbi geyimlərini gətirdilər. Hər gecə balamın ətrini o paltarlardan alıram. Onları yumuram ki, Qəzənfərin qoxusunu kimdən alacam?”
Oğlu ilə müharibəyə getməzdən qabaq çəkdikləri son fotonu belə xatırlayır şəhid anası: “Qəzənfər sanki hiss edirdi ki, bir də qayıtmayacaq. Müharibəyə getməzdən qabaq bizi dəniz kənarına apardı. Balamın ucaboyunun qarşısında qürurla durmuşam. Fəxr edirəm oğlumla. İndi baxıram ki, uşağımın gözlərində kədər varmı. Mənə deyirdi ki, bu, ağır səfərdi. Müharibə oyun deyil. Elə də oldu. Güllə yağışının içərisindən neçə-neçə yaralı əsgəri çıxardı, neçə ananın nəfəsini qaytardı. Allah öz balama qismət eləmədi evinə dönüb, doğma balasına doymağı. Qismət, Allah verdi, Allah da aldı Qəzənfərimi məndən…
Balamın balası atasının şəkli ilə yatıb durur. Bütün oyuncaqlarını atıb kənara. Sanki bu şəkil onun ən sevimli oyuncağına çevrilib. Atası şəhid olanda Mələk 1 yaş beş aylıq idi. Qəzənfər 28 il yaşadı xalqına, vətəninə layiqli yaşadı, layiqli də dünyasını dəyişdi. Mən Qəzənfərdən müvəqqəti ayrılmışam. Axirətdə balamla qovuşacam. Allah bütün şəhidlərimizə rəhmət eləsin, nur içində yatsınlar. Şəhid anaları da fəxr etsinlər ki, belə şərəfli həyat yolu keçən igidlər yetişdiriblər”.