2021/05/amrah-1621369948.jpg

line
Adı: Həmidov
Soyadı: Əmrah
Ata adı: Firavan
Doğum tarixi: 12.01.1997
Şəhid olub: 05.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
44 gün davam edən Vətən Müharibəsində Azərbaycanın vətənpərvər oğulları Qarabağ uğrunda canlarından keçiblər.Onlardan biri də Xüsusi Təyinatlı Qüvvələrin kiçik giziri Əmrah Firavan oğlu Həmidovdur.


Əmrah 12 yanvar 1997-ci ildə Salyanın Kürsəngi kəndində anadan olub. Uşaq vaxtlarından atasız böyüyən və hərbiyə böyük maraq göstərən Əmrah sonralar öz arzusuna çatıb. Əmrah Həmidov 2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə "gizir" hərbi rütbəsində müddətdən artıq həqiqi hərbi qulluqçu olaraq xidmət edirdi. Bir sıra kurslarda iştirak edərək hərbi bilik və bacarığını artırıb. Vətəni qorumaq bütün həyatının amalına çevrilib.

Azərbaycan Ordusunun kiçik giziri olan Əmrah Həmidov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb.Eləcə də ətraf 7 kəndin işğaldan azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. İşğaldan azad olunan yüksəkliyə bayraq sancarkən isə düşmən snayperinə tuş gəlib. Altı saat döyüş bölgəsində yaralı halda qalan igidimiz 7 gün də komada yaşam mübarizəsi aparıb və oktyabrın 5-də şəhidlik zirvəsinə ucalıb.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Əmrah Həmidov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Həyat yoldaşı İlahə Həmidova Əmrahla hər zaman qürur duyacağını deyir: “Ailə həyatı qurduqdan sonra hərbinin həqiqətən çətin olduğunu başa düşdüm. Yenə də buna baxmayaraq, hərbçi yoldaşı olmağımla fəxr edirdim. Şəhidlər ölmür, hər zaman mənim yanımdadır. Mən onun olduğunu hiss edirəm yanımda. Hara gedirəm, hansı iş görürəmsə, onun yanımda olduğunu hiss edirəm”.

Xanımının sözlərinə görə, Azərbaycanın üçrəngli bayrağını çox sevirdi: “Bayrağına vətəninə o qədər bağlı idi ki, toyunda belə bayraqla bəzədilməsini istəmişdi, amma alınmamışdı. O da Allahın bir qisməti idi. Şəhidin olan günü onu o qədər təmtəraqlı qarşıladılar ki, bayraqlarla. Yəni toyda yerinə yetmədiyi arzusu şəhid olduğu gün yerinə yetdi. Bayraqlarla onu dəfn elədilər”.

Şəhidin qayınatası Fikrət İsmayılov hələ də Əmrahın yoxluğuna inana, onun yoxluğu ilə barışa bilmir: “Onun xatirəsi həmişə mənim üçün əziz olacaq bir oğul olaraq. Mən oğul itirmişəm, həyatda kürəkən yox. Bu gün də onun ruhu qarşısında baş əyirəm. Ona həqiqətən təşəkkür edirəm ki, həyatda yaşadığı müddətcə mənə gözəl bir oğul dadını yaşatdı. Mən həmişə həsrətindəydim o dadın. Amma oğlumu mənə yaşatdı. Mən də həmişə can atdım ki, atasızlığın nə olduğunu bacardığım qədər ona unutdurum. Bir ata kimi nəvaziş göstərəm”.

Qohumu Maygül İsmayılova son görüşlərini belə xatırlayır: “Gəldi mənə dedi ki, nənə, salamat qal. Qalxdım onunla görüşdüm. İstədi bir desin ki, İlahədən muğayat ol. İki dəfə. Ancaq deyə bilmədi. Özünüzə yaxşı baxın, qismət olsa, görüşərik. Bu sözü dedi çıxdı. Bilərdim ki, gedib qayıtmayacaq, mən onun durub ayaqlarından öpərdim”.

Əmrahın xalası oğlu Orxan Dövlətov onun vətənə bağlığından danışır: “Əmrahın dəfnində başımı qoydum qolunun üstünə, dedim ki, Əmrah, axır ki, çatdın arzuna, yollarımız hamısı bayraqla bəzənib, dur bir-bir bax. Amma baxmadı. Bir onu bilirəm ki, bir insanın bayrağa və torpağa münasibətinin, sevgisinin necə olmağını soruşsalar, desələr, bir insan göstər, mən öncə Əmrahı göstərərdim. Ona görə ki, bu insanın bayrağa olan münasibəti ananın balaya olan münasibətindən çox böyük idi. Əmrah torpaq üçün doğulmuşdu, bayraq üçün doğulmuşdu, torpaq üçün doğulmuşdu”.