Tağıyev Fuad Mərdan oğlu 01.11.1996 tarixində Sabirabad rayonunun Ətcələr kəndində anadan olub. 2014-cü ildə Ətcələr kənd tam orta məktəbi bitirib hərbi xidmətə yollanıb. Hərbçi olmağı qarşısına məqsəd qoyan Fuad idmanla da ciddi məşğul olurdu.
Tağıyev Fuad Mərdan oğlu Sumqayıt şəhərindəki “N” saylı hərbi hissədə altı ay xidmət etdikdən sonra özünün fiziki imkanlarına və şəxsi istəyinə uyğun seçilərək Hərbi Dəniz Qüvvələrinin Xüsusi Təyinatlı Qoşunlarına aid olan “052” hərbi hissəyə dəyişdirilir. Şəhid olduğu günə qədər XTQ-da xidmətini davam etdirir. 2016-cı il Aprel döyüşlərində ön sıralarda döyüş tapşırıqlarını yerinə yetirərək komandanlığın böyük etimadını qazanır. Sonrakı 2018-ci ildə Kiçik gizir, 2019-cu ildə “28 May Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 101 illik yubileyi“ münasibəti ilə döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və 2020-ci ildə də isə qış tədris dövründə nizam-intizamda, döyüş və ictimai-siyasi hazırlıqlarda göstərdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunub.
27 sentyabr günündən döyüşlərə qatılan kəşfiyyatçı-istehkamçı kiçik gizir Tağıyev Fuad, olduqca cətin və ağır döyüşlərdə iştirak etmiş və qeyri-adi bacarıq nümayiş etdirmişdir. Fuad erməni dilini də öyrənmişdi və lazım olanda düşmənin içərisinə daxil olub lazımı məlumatları əldə edə bilirdi. O, Füzuli, Cəbrayıl, Zəngilan, Tərtər rayonunun Talış və Suqovuşan kəndlərinin, Hadrut qəsəbəsi və tarixi Şuşa şəhərinin azad olunması uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmanlıq göstərmişdir. Şuşa ətrafında gedən döyüşlərdə xüsusi təyinatlı qoşun dəstəllərinin hücuma keçdiyi zaman şəxsi heyətin qorunması Fuad Tağıyevə həvalə olunmuşdu.
Tağıyev Fuad, on iki nəfərlik qrupla birgə Qırmızı bazar ərazisində komandanlığın xüsusi tapşırığnı yerinə yetirərkən ağır yaralansa da döyüşə davam edib. 24.10.2020-cü ildə Xocavənd döyüşləri zamanı Qırmızı Bazar istiqamətində şəhid olub. Sabirabad rayonunun Ətcələr kəndində dəfn olunub. Döyüşçü yoldaşlarının bildirdiyinə görə, Fuad onlarla ilə birlikdə ermənilərin 40-dan artıq kiçik təyinatlı avtomobillərini, 100-dən artıq canlı qüvvəsini məhv edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif edilib.