Mirbala Əmirağa oğlu Rəsulov 1989-cu il oktyabrın 17-də Şabran rayonunun Rəhimli kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik giziri olan Mirbala Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Oktyabrın 5-də yaralı yoldaşlarını döyüş meydanından çıxararkən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub . Şabran rayonunun Rəhimli kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra " Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirbala Rəsulov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidin atası Əmirağa Rəsulov bildirir ki, Mirbala evin tək oğlu olsa da, tərəddüd etmədən hərbçi olmağa qərar verib.
“Beş il idi ailə qurmuşdu. Ailə qurmasının beşinci ildönümü günü – sentyabrın 27-də döyüşlərə başlayıb. Bir neçə gün ona zəng çatmadı. Elbrus adlı iş yoldaşı ilə danışdım. Məni arxayın elədi ki, hər şey yaxşıdır. Amma sən demə mənimlə danışanda Elbrus özü ağır yaralı halda hospitaldan danışırmış. Sonra Mirbalanın özü ilə də danışdıq. Deyir hər şey yaxşıdır, sakitçilikdir. Amma müharibənin şiddətləndiyini mən hər gün televizorda görürdüm. Axırıncı dəfə oktyabrın 4-də telefonla əlaqə saxladıq. Anası, həyat yoldaşı və uşaqları ilə xeyli danışdı. Bir gün sonra da şəhid olub. Mən oğlumla fəxr edirəm, o, Vətən uğrunda şəhidlik zirvəsinə ucalıb”, - deyə şəhidin atası söyləyib.
Anası Xədicə Rəsulovaya oğlunun döyüşlərdə olması barədə xəbər verməyiblər: “Mənə deməyiblər müharibədə olmasını. Qonşular soruşanda da demişəm ki, Mirbala döyüşlərdə deyil. Bir də onda xəbər tutdum ki, evdən gəlib şəkilini istədilər. Səbəbini soruşanda dedilər şəhid olub. Mənim qəhrəman balam... Allah bütün şəhidlərimizə rəhmət eləsin”.
“Yoldaşımı son dəfə sentyabrın 26-da evdən yola saldıq. Döyüşə getdiyini demədi bizə. Həmişəki kimi təlimə getdiyini söylədi. Mənə zəng edəndə hər şey yaxşıdır deyirdi. Özümə, uşaqlara yaxşı baxmağımı tapşırırdı. Yoldaşım fəxr ediləsi, çox qayğıkeş insan idi. İşini çox sevirdi. Ailəsinə, uşaqlarına, valideynlərinə, bacısına həddindən artıq diqqət göstərirdi. Bir çox arzuları yarımçıq qaldı. Vətən yolunda şəhid oldu. Onunla fəxr edirik”,-deyə həyat yoldaşı Fərqanə Rəsulova bildirib.