Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, Vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik hiddət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün Vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Ağali Ağayevdir.
Ağali Tağı oğlu Ağayev 1995-ci il aprelin 29-da Siyəzən rayonunun Balaca Həmyə kəndində anadan olub. 2001-2012-ci illərdə Siyəzən şəhərində N. Əsədov adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Ağali Ağayev 2013-2014-cü illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ildən isə kiçik gizir hərbi rütbəsində xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik giziri olan Ağali Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsi zamanı 28.08.2020-ci il tarixində Kəlbəcər rayonu, 08.10.2020-ci ildə Hadrut qəsəbəsi istiqamətində döyüşlərdə iştirak edib. Oktyabrın 26-da Xocavənd döyüşləri zamanı şəhid olub. Siyəzən rayonunun Balaca Həmyə kəndində dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ağali Ağayev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.