Qarabağı azadlığa qovuşduran müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Onlardan biri də Hakim Səyyar oğlu Baxışovdur.
Hakim 2000-ci il dekabr ayının 13-də Qəbələ rayonunun Topbağ kəndində anadan olub. Orta təhsilini Qəbələ rayonu Yenikənd kənd orta məktəbində alıb. 2019-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə gedib. Vətənini, torpağını çox sevən Hakim həqiqi hərbi xidmətini bitirdikdən az sonra yenidən hərbiyə qayıdıb.
Azərbaycan Ordusunun əsgəri olan Hakim Baxışov 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Sentyabrın 28-də Murovdağ istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Hakim Baxışov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.