Tağıyev Eşqin Asif oğlu 1998-ci il, martın 18-də Göygöl rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. Kəlbəcər rayon 115 saylı tam orta məktəbi bitirən qəhrəmanımız Azərbaycan ordusunda XTQ-nin giziri olub.
Eşqin Tağıyev Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 30-da Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərdə Şəhidlik zirvəsinə yüksəlib.
Doğmaları deyirlər ki, Eşqin Tağıyev torpaqlarımızın bütövlüyünü, vətənin azadlığını hər şeydən, hər kəsdən üstün tuturdu. Şəhidin dayısı Firdovsi Hümbətovun sözlərinə görə, Eşqin çox mehriban, qayğıkeş, sözəbaxan, zəhmətkeş uşaq olub. Balaca vaxtından hərb sahəsinə marağı var idi. Hətta ali təhsil almaq yox, hərbçi olmaq istəyirmiş.
Şəhidin anası Dursun Hümbətova xatırlayır ki, Eşqin əsgərlikdən qayıdandan sonra yenidən Orduya dönmək üçün can atıb.
Qəhrəmanımızın ailəsilə son danışığı oktyabrın 27-sində olub. Döyüş əzmini bir an belə itirmədiyini və qələbəyə inandığını söyləyən igid oktyabrın 30-da ən uca məqama yüksəlib.
"Axırıncı dəfə soruşanda dedi, "Şuşaya gedirik, sonra sənə zəng edəcəyəm". Gözlədim, səs-səmir çıxmadı. Bir də zəng gəldi ki, şəhid olub..."
Polad Tağıyev, şəhidin dostu:
- Döyüşlər haqqında bəzi şeylər soruşurduq ondan, həmişə deyirdi ki, "mən burada yaxşıyam, narahat olmayın". Deyirdi ki, biz torpaqları alacağıq.
Namiq Əhmədov, şəhidin dostu: Döyüş yoldaşları onun göstərdiyi cəsarətdən danışırlar. O, içində bir hirs böyüdürmüş, qisas yaşadırmış. Sadəcə, bütün şəhidlərimiz, bütün qazilərimiz kimi fürsət gözləyirmiş. Və onunla da yaşadı, o hisslə də şəhid oldu. Düzdür, şəhidlər ölmür, şəhidlər bizim aramızdadırlar. Ruhən bizim yanımızdadırlar. Bu gün bütün xalqların qarşısında “mən Azərbaycanlıyam” deməyə sözün əsl mənasında hamımızın ona görə haqqı var ki, bu cür qeyrətli oğullar yetirmişik.
İndi Eşqini tanıyanlar da, sonradan adını eşidənlər də onunla fəxr edirlər.
Nailə Hümbətova, şəhidin xalası: "Eşqin bizim başımızın tacıdır. Eşqin bizi seçmədi, torpaqları seçdi. Həmişə deyirdi "mən hərbçi olacağam". Eşqin ilə fəxr edirik".
Məlahət Hümbətova, şəhidin xalası: "Mən Eşqinlə fəxr edirəm. Şəhidlərimizin hamısının analarına Allah səbr versin, mənim bacım Dursun da oların içində".
Vətənin cəsur oğlu Eşqin Tağıyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən ölümündən sonra "Hərbi xidmətlərə görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.