İşğalçı düşmənin kabusuna çevrilən “Paşam” ləqəbli baş leytenant Musa Əsgərov “Murov” zirvəsini fəth etdikdən sonra şəhadətə yüksəlib. İndi hər kəsin qəhrəmanına çevrilən “Paşam”ı bir az yaxından tanıyaq...
1997-ci il fevralın 17-də Cəlilabadın Sabirabad kəndində dünyaya göz açan Musa Əsgərov körpə yaşlarından böyük qardaşı ilə anasının himayəsində böyüyüb. Anası Sevda Əsgərova oğullarının vətənpərvər, təhsilli böyüməsi üçün əlindən gələni əsirgəməyib. İdmanla məşğul olan Musa orta məktəbin 8-ci sinfindən Cəmşid Naxçıvanski adına hərbi liseyə, 2014-cü ildən isə Heydər Əliyev adına Ali Hərbi Akademiyaya daxil olur. 2018-ci ildə akademiyanı fərqlənmə ilə bitirən gənc leytenant XTQ-nin tərkibində hərbi xidmətə düşmənə ən yaxın mövqelərdən - Qazaxdan başlayıb. Sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında düşmənin kabusuna çevrilib. Murov dağ yüksəkliyi istiqamətində düşmənin 30 il müddətində qurduğu onlarla pusqu və maneələri dağıdaraq hədəfə yaxınlaşıb. O, Cəbrayıl,Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Musa Əsgərov 27 oktyabr,2020-ci ildə Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində aldığı çox saylı qəlpə zədələnməsindən şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Əsgərov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən, Musa Əsgərov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhid anası Sevda Əsgərova: “Müharibə başlayandan hər dəfə qapımızda avtomobil dayananda ürəyim düşürdü, özümdə bir narahatçılıq vardı. Torpaqlarımız işğalçılardan təmizləndi, indi rahatam. Oğlum şəhid olub, mən də şəhid anasıyam. Onunla qürur duyuram. Ölümündən sonra qardaşının oğlu dünyaya gəldi. Onu da Musa kimi böyüdəcəyəm, Musanın oxuduğu məktəbləri oxuyacaq, onun kimi cəsur hərbçi olacaq”.
Hərbi müəllimi Möhübbət Əhmədov : “Yeddinci sinifdən Musaya dərs demişəm. Musa demək olar ki, məktəbin bütün yarışlarında iştirak edirdi. Həm gücünə, həm bacarığına görə bütün yoldaşlarından seçilirdi. Məktəbimizdə gələcəyin polad iradəli, döyüşkən komandiri böyüyürdü. Musa baş leytenant rütbəsinə kimi yüksəldi. Müharibə başladı, döyüş meydanında düşmənə qan udduran Musa şəhid oldu. Qürur hissi keçirirəm ki, mənim şagirdim bu zirvəyə yüksəldi. Allah rəhmət eləsin”.
Musanın şəhadətə qovuşmasından bir həftə sonra dünyaya göz açan qardaşı oğlu şəhid Musanın adını daşıyır. İkinci qəhrəmanın böyüdüyü ailədə indi hər kəs bu körpə ilə nəfəs alır.