44 günlük Vətən Müharibəsi yüzlərlə qəhrəman oğullarımızı tanıtdı bizə. Belə igidlərdən biri də şəhid gizirimiz Azad Yolçuyevdir. O, Ağstafa rayonunun Kolayr kəndində anadan olub. Uşaqlıqdan idmana və hərbə böyük maraq göstərən qəhrəmanımız hərbi xidmətdən sonra təhsilini artırıb və gizir kimi xidmətini davam etdirib.
Vətən Müharibəsi başlayanda hamı kimi, o da döyüşlərə qatılıb. Kəşfiyyat bölüyündə xidmət aparıb. Şərəfli döyüş yolu Murov silsiləsindən başlayaraq Füzuli, Hadrut, Cəbrayıl, Kəlbəcərə kimi uzanıb. Sonuncu dəfə Şuşa döyüşlərinə gedərkən anası Ofelya xanıma Xarı bülbülün vətəninə getdiyini bildirib.
Düşmən üzərinə gözqırpmadan yürüyən igidlərimizdən olub. Anası ona ehtiyatlı olmağı deyəndə isə cavabı “Şəhid generallarımızdan artıq deyiləm” olub.
Şəhid atası Nizami Yolçuyev: "11 ildir ki, hərbçi kimi vətənə xidmət edirdi. Əvvəlcə MAXE kimi fəaliyyət göstərirdi, daha sonra isə gizir rütbəsi aldı. Müharibə başlamazdan 1 həftə əvvəl ön xəttə getmişdi. Bizə demişdi ki, təlimə gedirəm".
Nizami Yolçuyev bildirib ki, Azad müharibə ərəfəsində bir dəfə yaralanıb və hospitalda müalicə alıb. Lakin müalicəsi tamamlanmamış Şuşa eşqi ilə yenidən döyüş meydanına qayıdıb:
“Müharibə ərəfəsində oktyabr ayının 14-də yaralanıb və hərbi hospitala düşüb. Amma bizə məlumat verməyib. Döyüş yoldaşları deyib ki, biz Şuşaya gedirik, Azad deyib ki, mən də gedəcəyəm. Həkimlər isə bildiriblər ki, sən yaralısan, sənə yerimək olmaz. Deyib, yox. Hospitalın həyətində xəritə var imiş. Orada uşaqlara Şuşanı göstərib və deyib ki, buraya birinci mənim tağımım girəcək. Elə də oldu. Noyabr ayının 3-də Şuşa uğrunda gedən döyüşlərdə şəhid oldu. Ayın 5-də isə torpağa tapşırıldı”.
Azad Yolçuyev iyul döyüşlərində də iştirak edib. Müdafiə naziri Zakir Həsənov tərəfindən Silahlı Qüvvəllərin yaranmasının 100 illiyi münasibətilə xüsusi ordenlə teltif olunub. Əlavə olaraq 2013 və 2018-ci illərdə Silahlı Qüvvəllərin yubileyi münasibətilə medal ve fəxri fərmanlarla təltif olunub. Azad ailəli idi, 3 yaşında bir oğlu və 4 aylıq bir qızı yadigar qalıb. O, ölümündən sonra “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.