Battal Bayraqdarov 2002-ci ildə Qubanın Ağbil kəndində Ahıska türkü ailəsində dünyaya göz açıb. Uşaqlıqdan idmana marağı ilə seçilən Battal cüdo üzrə bir sıra turnirlərin qalibi olub. Məktəbi bitirdikdən sonra Türkiyə universitetlərindən birinə qəbul olunsa da, atasının səhhətinə görə ali təhsil ala bilməyib.
2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində Azərbaycan Ordusunun əsgəri Battal Bayraqdarov Cəbrayıl və Füzulinin azad olunması uğrunda döyüşlərdə fəal iştirak edib. Oktyabrın 12-də düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub. Quba rayonunda torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Battal Bayraqdarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, Battal Bayraqdarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Battal Bayraqdarov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Battal Bayraqdarov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirərək, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Bacısı Nazlı Bayraqdarovanın dediyinə görə, Battal xidmət müddətində seçilən əsgərlərdən olub: “Qardaşımı orada fəal əsgər olaraq seçib, şəklini şərəf lövhəsinə vurmuşdular. Əsgərlikdən evə zəng edəndə atama bunu fəxrlə söyləmişdi. Başqa bir dəfə zəng edib, baş atıcı olduğunu bildirmişdi. Müharibəyə gedəndə bizə xəbər verməyib. Sonradan xəbər tutanda dedi ki, “narahat olmayın, heç nədən qorxmuram, torpaqlarımızı alıb, gələcəyik”.
Şəhid olmamışdan bir müddət əvvəl zəng etdi. Hamımızla söhbətləşəndən sonra dedi ki, telefonu atama verin, onunla sonuncu dəfə danışmaq istəyirəm. Həmin danışığımızdan bir həftə sonra şəhid olması xəbərini aldıq”.
Əmisi Paşa Bayraqdarov deyir ki, 18 yaşlı Battal Vətən Müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb: “O, uşaqlıqdan seçilirdi. Çox mərd və möhkəm uşaq idi. Hətta bir dəfə uşaqlarla oynayanda şəhid olacağını bildirmişdi. Füzuli istiqamətində yaşayış məntəqələrinin biri uğrunda gedən döyüşdə düşmən mərmisi yaxınlığında partlayıb. Battal aldığı qəlpə yarasından sonra şəhidlik zirvəsinə ucalıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!”
Digər əmisi Kamil Bayraqdarov da Battalın qəhrəmanlığı ilə qürur duyur: “İndi onun əsgər yoldaşlarından, komandirlərindən xəbər gəlib çatır. Mərd uşaq olub, həmişə qabaqda gedib. Həmişə mərdliyi və qorxmazlığı ilə seçilib”.