2021/01/Scree-1610477998.jpg

line
Adı: Xeyrullayev
Soyadı: Cəlil
Ata adı: Mürvət
Doğum tarixi: 16.05.1989
Şəhid olub: 15.10.2020
Rütbəsi: Çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Düşmənə sözün əsl mənasında qan uddurmağı bacaran xüsusi təyinatlılarımızdan biri olan Cəlil Xeyrullayev.

Xüsusi Təyinatlıların sıralarından neçə-neçə igidimiz Vətən uğrunda son damla qanına qədər döyüşərək, şəhidlik zirvəsinə ucaldı. Onlardan biri də Qubanın 2-ci Nügədi kənd sakini, 31 yaşlı Cəlil Xeyrullayevdir. Düşmənin xeyli canlı qüvvəsini məhv edən, Murovun, Cəbrayılın, Füzulinin və Hadrutun azad olunmasında xüsusi qəhrəmanlıq göstərən çavuşumuz.

O, 2012-ci ildən Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının sıralarında müddətdən artıq həqiqi hərbi xidmətə başlayıb. 2012-2018-ci illərdə Quba rayonunda yerləşən "N" saylı hərbi hissədə "Bəbir" Xüsusi Təyinatlı Dəstəsinin, 2018-ci ildən isə Gəncə şəhərində yerləşən "N" saylı hərbi hissədə "Pələng" Xüsusi Təyinatlı Dəstəsində xidmət edib. Hərbi xidməti zamanı o, 2012-ci ildə "Meşə qardaşları" adlandırılan terrorçu qrupun zərərsizləşdirilməsi əməliyyatlarına, həmçinin 2015-ci ildə Qubada və 2018-ci ildə Gəncədə baş tutan iğtişaşların qarşısının alınması tədbirlərinə qatılıb.

Cəlil Xeyrullayev müharibədə ən çətin əməliyyatlara cəlb olunan və bütün döyüşlərdən üzüağ çıxan xüsusi təyinatlılarımızın sıralarında olub. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qatılan Cəlil Murovdağ zirvəsi, Cəbrayıl, Füzuli rayonlarının və Hadrut qəsəbəsinin düşməndən azad edilməsində fəal iştirak edib. Bu döyüşlər zamanı bir dəfə yaralansa da, hospitala getməkdən imtina edərək, yoldaşlarını döyüş meydanında tək qoymayıb. Atası Mürvət Xeyrullayev deyir ki, qəhrəman övladı və bütün şəhidlərimiz 44 gün ərzində dastan yazdılar.

Xüsusi təyinatlımız şəhid olmazdan 2 gün əvvəl 10 nəfərlik komanda ilə düşmənin 60-a yaxın xüsusi təyinatlı qüvvəsini məhv edib. Füzuli şəhəri uğrunda gedən döyüşlər zamanı yanında tank mərmisinin partlaması nəticəsində şəhidlik zirvəsinə ucalıb. Xeyrullayevlər ailəsinin sonbeşiyi olan və hər zaman ailəsinin fəxri sayılan Cəlil indi bütün el-obanın qürur mənbəyidir.




Cəlil nişanlı imiş. Toyun iyun ayında keçirilməsi nəzərdə tutulsa da, pandemiya səbəbindən təxirə salınmışdı. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Cəlil Xeyrullayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.