Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də Kənan Qafarovdur.
Kənan Siyaqif oğlu Qafarov 1996-cı il avqustun 6-da Göyçay rayonunun Yalman kəndində anadan olub. Subay idi.
Kənan hərbi xidmət dövründə çox ciddi, çalışqan, bacarıqlı bir əsgər kimi yadda qalıb. Hərbi xidməti başa vurduqdan sonra 3 aylıq kurs keçərək MAHHXQ kimi xidmətə başlayıb.
Azərbaycan Ordusunun əsgəri olan Kənan Qafarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində Fizuli istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.Çiynindən və ayağından yaralanmasına baxmayaraq döyüşlərə davam edib. Kənan Qafarov 07.10.2020-ci ildə Fizuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən atılan artilleriya mərmi-sinin partlayışı nəticəsində aldığı çox saylı qəlpə zədələnməsindən şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Kənan Qafarov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.