44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Fərhad Məlikzadədir.
Fərhad Nadir oğlu Məlikzadə 20 avqust 1997-ci ildə Sabirabad rayonunun Şıx Salahlı kəndində dünyaya göz açıb.
Orta təhsilini 2004-2014-cü illərdə alıb. 2015-ci ildə müddətli həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətə yollanıb. Hərbi xidmət müddətini bitirdikdən sonra cüdo, güləş, qaydasız döyüş kimi idman növləri ilə məşğul olub, bir çox yarışmaların qalibi olub. 2018-ci ildə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olaraq hərbi xidmətini davam etdirmiş, kurslardan keçdikdən sonra kəşfiyyatçı kimi fəaliyyətini davam etdirmişdir.
Azərbaycan Ordusunun əsgəri olan Fərhad Məlikzadə 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak etmişdir. Füzulinin, Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Füzuli döyüşlərində düşmən hücumunun qarşısını alarkən ağır yaralanmış və xəstəxanaya yerləşdirilmişdir. Bir neçə günlük müalicədən sonra yenidən döyüş meydanına qayıtmışdır. Fərhad Məlikzadə 5 noyabr 2020-ci ildə Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur. 12 noyabr tarixində torpağa tapşırılmışdır. Fərhad Məlikzadə bir müddət itkin olaraq axtarılan, sonra isə torpağa tapşırılan şəhid Anar Nurullayevin dostu idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Məlikzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin və döyüş texniкasının məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Məlikzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Məlikzadə ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərhad Məlikzadə ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.