Saatlı rayonunun Potubəyli kəndindən olan Amin Əmiraslanov 1991-ci il iyulun 1-də dünyaya göz açıb. Kənddə böyükdən kiçiyə hər kəsin sevgisini qazanan Amin həqiqi hərbi xidmətini Tərtərdə keçib. O, snayperçi olub. Xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif edilib. Xidmətini bitirdikdən sonra isə doğma yurdu Saatlıya geri dönüb.
Azərbaycan Ordusunun əsgəri olan Amin Əmiraslanov Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Amin noyabrın 4-də Qubadlı döyüşləri zamanı şəhid olub . Saatlı rayonunda dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Amin Əmiraslanov ölümündən sonra "Vətən uğrunda" , "Cəsur döyüşçü" , Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə "Cəbrayılın azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid atası Vaqif Əmiraslanov bildirir ki, iyul hadisələri zamanı Amin könüllü olaraq səfərbərlik xidmətində qeydiyyatdan keçib:
"Vətən müharibəsi başlayanda ona çağırış gəldi, sevincinin həddi-hüdudu yox idi. İlk döyüş yolu Füzuli istiqamətindən başlayan oğlum şücaəti ilə seçilib. Könüllü olaraq xüsusi təyinatlıların tərkibində döyüşüb, bir sıra uğurlu əməliyyatlarda iştirak edib".
Şəhid Amin haqqında danışan əmisi Bəybala Əmiraslanov deyir ki, elinə-obasına bağlı olan Aminin arzusu topraqlarımızı azad görmək olub. Elə bu amalla da Vətən müharibəsində bir an belə tərəddüd etmədən döyüşlərə qoşulub.
Aminin qardaşı Kərəm Əmiraslanov da evin sonbeşiyi olan qəhrəman haqqında qürurla danışır:
"Cəbrayıl uğrunda döyüşlərin birində Amin yaralansa da geri çəkilməyib. Daha sonra bir neçə əməliyyatda iştirak edərək Qubadlıyadək döyüş yolu keçib. Hətta Milli Qəhrəman Şükür Həmidovla çiyin-çiyinə döyüşənlərdən biri olub. Son damla qanına qədər qəhrəmancasına döyüşüb qardaşım Amin".
Potubəyli kəndinin Vətən müharibəsində tək şəhidi Amindir. Qəhrəmanın xatirəsinə kəndin girişində abidə ucaldılıb.