2021/09/Shehd-1632748293.jpg

line
Adı: Elnur
Soyadı: İmamverdiyev
Ata adı: Vəfadar
Doğum tarixi: 09.01.2001
Şəhid olub: 23.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Füzulinin azad olunmasına görə» medalı«Hərbi xidmətlərə görə» medalı
Sakit təbiətli, mülayim bir gənc idi Elnur. Adı çəkiləndə gözlərdə parıltı yaradan, hələ yeniyetməlik dövrlərindən vətənpərvərliyi ilə seçilən qəhrəman bir gənc...

Elnur Vəfadar oğlu İmamverdiyev 1 sentyabr 2001-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub, burada da boya-başa çatıb. Orta məktəbi bitirdikdən sonra 2019-cu ildə xüsusi təyinatlı “N” saylı hərbi hissədə müddətli həqiqi-hərbi xidmətə yollanıb. Hələ xidmət müddəti bitməmişdi müharibə başlayanda. Ali Baş Komandanın “Vur” əmrindən sonra Elnur da xüsusi təyinatlı hərbi qulluqçu kimi ön cəbhəyə, düşmənlə üzbəüz təmas xəttinə yollanıb.

Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Elnur İmamverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan II Qarabağ müharibəsi zamanı Füzuli, Cəbrayıl istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Torpaqlarımızın işğaldan azad olunmasında, düşmənin canlı qüvvəsi və texnikasının məhv edilməsində böyük şücaətlər göstərib. Ailəsi ilə mütəmadi olaraq əlaqə saxlayanda da hərbi sirri verməz, sadəcə yaxşı olduğunu deyirmiş. Son döyüşü Füzuli istiqamətində olub. 23 oktyabr 2020-ci ildə Füzuli rayonu ərazisində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlayışı nəticəsində avtomobil qəzasına düşərək aldığı çox saylı qəlpə zədələnməsindən şəhid olub.



Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Elnur İmamverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Ali təhsil almaq istəyirdi Elnur. Məktəbi bitirdikdən sonra ali məktəbə imtahan versə də, topladığı bal qəbula kifayət olmadığından hərbi xidmətə yollanıb. Fikrində tutmuşdu ki, xidmətdən qatıdıb yeni imtahan versin. Lakin tale onu ali təhsilə yox, alilərin ən ali mərtəbəsinə, şəhidlik zirvəsinə ucaltdı.