Azərbaycan üçün önəmli olan Qarabağ münaqişəsi 30 ildən sonra öz həllini tapdı. Deyirlər, torpaq uğrunda ölən varsa, Vətəndir! Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd qəhrəmanlar oldu. Bu qəhrəmanlardan biri də İsmət İmanovdur.
İsmət Qismət oğlu İmanov 2 aprel 1998-ci ildə Ağsu rayonunun Ərəbmehdibəy kəndində dünyaya göz açmışdır.
Orta təhsilini 2004-2015-ci illərdə almışdır. İsmət orta məktəbi bitirdikdən sonra 2016-cı ilin 4 aprelində hərbi xidmətə yollanmışdır. Bu müddətdə Qazax rayonunda ön cəbhədə xidmət etmişdir. 2017-ci ilin oktyabr ayında hərbi xidmət müddəti bitdikdən sonra mülki şəxs olaraq fəaliyyət göstərmişdir.
27 sentyabr 2020-ci ildən başlayan Vətən Müharibəsindən sonra ölkədə qismən səfərbərlik elan olundu. İsmət İmanov da səfərbər olunmuş, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon üzrə ünvanına yaxınlaşmışdır. 29 sentyabr 2020-ci ildən etibarən Vətən Müharibəsində könüllü əsgər kimi iştirak etmişdir. Füzulinin, Cəbrayılın, Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşa döyüşlərində də iştirak edən İsmət İmanov 8 noyabr 2020-ci ildə həmin istiqamətdə gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsmət İmanov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər İsmət İmanov Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilmişdir.