2021/05/15895-1621454397.jpg

line
Adı: Dövlətov
Soyadı: Zaur
Ata adı: Zahid
Doğum tarixi: 09.03.1995
Şəhid olub: 12.11.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Cəsur döyüşçü» medalı
Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olan əsgərlərimizdən biri də 25 yaşlı Zaur Dövlətovdur. Müharibə başlayanda Zaur Türkiyədəki otellərdən birində yaxşı maaşlı işdə çalışırmış, amma Vətən savaşının başladığını eşidəndə iş yoldaşları ilə hallaşıb və Azərbaycana qayıdıb, könüllü cəbhəyə gedib.

Dövlətov Zaur Zahid oğlu 09.03.1995-ci ildə anadan olub.Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Zaur Dövlətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Şuşa şəhəri istiqaməti uğrunda gedən döyüşlərdə iştirak edib. Zaur oktyabrın 5-də cəbhəyə yollanıb, noyabrın 9-da Şuşa ətrafında gedən döyüşlərdə yaralanıb. Onun yaralanmasından saatlar sonra hərbi əməliyyatların dayandırılması haqda razılaşma əldə olunub. Təəsüf ki, Zaurun yarası ağır olduğundan həkimlər onu xilas edə bilməyiblər, döyüşsü noyabrın 12-də xəstəxanada canını vətəninə tapşırıb.

Sentyabr ayında Türkiyəyə qayıtdı, müharibəni eşidib geri döndü

Zaur ötən ilədək Türkiyənin Kəmər bölgəsindəki beşulduzlu otellərin birində animator kimi çalışıb. Bu ilin əvvəlində isə Bakıya qayıdaraq müxtəlif sahələrdə işləyib. Otel rəhbərliyi Zauru yüksək maaşla yenidən işə dəvət edib. Bu ilin sentyabrında yenidən Kəmərə qayıdan Zaur Qarabağda hərbi əməliyyatların başlandığını, döyüşə qatılmaq istədiyini deyib, oteldəki dostları ilə vidalaşıb.

“Qarabağda hərbi əməliyyatlar getdiyi bir vaxtda mən burada işimə davam edə bilmərəm. Torpaqlarımızı işğaldan azad etməliyik, döyüşməliyəm”,- bu könüllü cəbhəyə yollanan Zaur Dövlətovun oteldəki iş yoldaşlarına son sözü olub.

Onun şəhid olması xəbəri Kəmərdəki dostları və iş yoldaşlarını da dərindən kədərləndirib. Zaurun şəhid olduğunu eşidən otel işçiləri və rəhbərliyi göz yaşlarını saxlaya bilməyiblər. Şəhidin xatirəsini anmaq üçün otelin internet saytında paylaşım edilib, bu paylaşımı minlərlə adam oxuyub, yüzlər şərh yazılıb.

“Dedim getmə, qal burda işlə, razılaşmadı…”

Otelin idarə heyətinin sədri Mustafa Kılıc Zaurun xatirəsinə həsr edilmiş anım tədbirində deyib: “Zaur Dövlətov hər kəs tərəfindən sevilirdi. O, insanlara yardım etməyi çox sevərdi, heç kimi incitməzdi. Zaur əsil qəhrəmandı. Sentyabr ayında oteldəki dostlarını ziyarət etdi, dedi ki, vidalaşmağa gəlib. “Niyə gedirsən, getmə Zaur. Qal, işinə davam et”-dedim. Amma razılaşmadı. Dedi ki, torpaqlarım işğal altındadır, qələbə uğrunda döyüşməlidir. Qəhrəman oğlan idi. Azərbaycana qayıdandan sonra oktyabrın 5-də orduya qatıldı və döyüşə yollandı. Noyabrın 9-da Zaurun vurulduğunu öyrəndik. Bildiyiniz kimi, noyabrın 10-da hərbi əməliyyatların dayandırılması haqda razılaşma imzalandı. 12 noyabrda isə Zaur şəhid oldu. Qəhrəman Zaurumuza Allah rəhmət eləsin deyirik, ailəsinə, türk millətinə başsağlığı veririk. Zaur əsl Azərbaycan türkü idi, bizim övladımız idi, bizlərdən biriydi. Məkanın cənnət olsun, mənim balam. Şəhid xəbərini eşitməyimiz çox kədərli an idi. O xəbər gələndə bütün dostları, iş yoldaşları ağladı. Bizlər də çox məyus olduq. Məkanı cənnət olsun”.

Anastasiya Selutina Zaurun şəhid olduğunu eşidəndən göz yaşlarını saxlaya bilmir. Zaurun iş yoldaşı olmuş 28 yaşlı Anastasiya Selutina isə xəbəri eşidəndən göz yaşlarını saxlaya bilmir. Deyir ki, Zaurla 2 il əvvəl tanış olub, dostlaşıblar: “Mən Türkiyəyə işləmək üçün gəlmişəm. Mənim üçün yad olan ölkədə çətin idi. Amma Zaur kömək etdi, tez bir zamanda şəraitlə uyğunlaşdım”.

Anastasiya deyir ki, Zaur yardımsevərliyi ilə çoxlarına nümunə olub. Çalışqanlığı ilə oteldə böyükdən-kiçiyə hamının hörmətini qazanıb. “2 ay əvvəl görüşdük, hamı onun gəlişinə sevindi. Bilirsiz, çoxları tərəfindən sevilmək hər insana qismət olmur. Ona oteldə işləməyi təklif etdilər. Zaur Türkiyədə qalıb işləyə bilərdi. Amma o, döyüşməyi seçdi. Gedərkən “şəhid olmasam gələcəm. Gələcək mövsümdə birlikdə çalışacağıq” dediklərini unuda bilmirəm. Zaur arzusuna çatdı”,- Anastasiya göz yaşlarına boğularaq deyir.

“Dedi Türkiyə köynəyi alım, səndən xatirə qalsın...”

Oteldəki mağazalardan birinin sahibi, Türkiyə vətəndaşı Natalia Spirova da Zaurun xatirəsini yad edənlərdən biridir. Spirova deyir ki, Zaur öz davranışları ilə Azərbaycanı yaşadırdı. “Son görüşümüzdə söylədiklərini xatırlayıram, sanki bir daha geri qayıtmayacağını hiss edirdi. Getməmişdən qabaq mağazamıza gəldi, “bacı, sizdən Türkiyə yazılı köynək alım, səndən xatirə olsun” dedi, əlimi öpdü. Köynəyi hədiyyə vermək istədim, götürmədi, pulunu ödədi. Mən otelin tekstil işlərinə baxıram, o an düşünə bilmədim ki, Zaurla son görüşümüzdür. Nə deyəcəyimi bilmirəm... Zaur Azərbaycana çox bağlı idi, imkan düşən kimi Qarabağdan danışırdı. Yaxşı ki, onun kimi insanlar var, yaxşı ki, Zaur kimi birini tanıdım. Dünya Zaurlarla gözəldir”,-o bildirib.

Dövlətov Zaur Zahid oğlu ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif olunub.