2021/09/Elvin-1632002094.jpg

line
Adı: Babayev
Soyadı: Elvin
Ata adı: Əkbər
Doğum tarixi: 28.02.2001
Şəhid olub: 02.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsi xalqımıza 30 ildən sonra unudulmaz qələbə sevinci yaşatdı, öz qəhrəmanlarını bizlərə bir daha tanıtdı. Neçə-neçə igid Vətən övladı ərazi bütövlüyümüz, milli kimliyimiz uğrunda qazi oldu, şəhidliyə ucaldı. Haqqında bəhs edəcəyimiz Elvin Babayev də belə oğullarımızdan biridir.

19 yaşlı şəhid Elvin Əkbər oğlu Babayev 28 fevral 2001-ci ildə, Gəncə şəhərində anadan olub. Özündən kiçik bir qardaşı var. Daha sonra ailə Bakıya köçüb.


2008-ci ildə Elvin Bakı şəhəri leytenant K.Kərimov adına 8 nömrəli tam orta məktəbin 1-ci sinfinə daxil olub, 2019-cu ildə həmin məktəbi bitirib. Təhsil aldığı müddətdə idmanın bir sıra növləri, o cümlədən futbol və qaydasız döyüşlə məşğul olub. Vətənpərvər və fəal şagird kimi tanınan Elvin təhsil aldığı tam orta məktəbdə “Gəncə Şahinləri” hərbi komandasının manqa komandiri olub.


Elvin orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Təxris edilməsinə cəmi 3 ay qalmış əzəli torpaqlarımızı düşmən işğalından azad etmək Vətən müharibəsi başlayıb. Ağdam və Xocavənd rayonları istiqamətində döyüşən əsgər Babayev 2 oktyabrda Xocavənddə qəhrəmancasına şəhid olub.

Ölümündən sonra Elvin Babayev "Vətən uğrunda" "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhidin qardaşı Emil Babayev deyir: "Ailədə 5 nəfər olmuşuq. Anam, nənəm, xalam mən və qardaşım. Uşaq ikən valideynlərimiz ayrılıb, anamız bizi çətinliklə böyüdüb boya-başa çatdırıb. Özü yeməyib, bizi yedirdib. Hər ehtiyacımızı təkbaşına təmin edib. Qardaşımın vətənpərvər övlad kimi yetişməsinin ən böyük səbəbkarı anamızdır. Elvin çox mehriban, qayğıkeş bir insan idi. Hələ hərbi xidmətdə olanda komandirləri başına and içirdi. Getdiyi hər yerdə özünə hörmət qazanmağı bacarırdı. Heç bir pis vərdişi olmayıb, idmanla məşğul olmağı sevirdi.



Müharibə 4 gün olardı ki, başlamışdı. Zəng etdik. Mənə dedi ki, "evdəkilərdən muğayat ol, artıq evin kişisi sənsən..." Elə bu, bizim onunla son danışığımız oldu. Oktyabr ayının 2-si şəhidlik xəbəri gəldi. Anama isə o nigaran qalmasın deyə, ön cəbhədə olduğunu bildirmirdi. Hey deyirdi ki, "narahat olma, biz arxadayıq".
Yaxın dostu Cavidan Ağayev ilə birlikdə döyüşüb, eyni anda da şəhid olublar. Bildiyimizə görə, Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak ediblərmiş. Komandiri ilə danışdım, onun sözlərinə görə, Elvin ancaq istəyirmiş ki, biz atəş açaq. Dostları ilə tez-tez zarafatlaşarmış, deyərmiş ki, "nə oldu, elə bir-iki atəş açan kimi yorulursunuz".


Şəhid olmamışdan bir gün öncə əsgər yoldaşına deyibmiş ki, "Sən evin tək, övladısan, özünü qoru, sığınacaqdan çox çıxma, nə lazım olsa (mərmi, silah-sursat daşımaq) mən özüm edəcəyəm, sənə bir şey olsa, anana kim baxar, mənim isə qardaşım var". Belə mərd, igid oğlan idi mənim qardaşım"...


Elvin sözlərinə davam edir: "Həmişə deyirdi ki, "xidmətimi bitirib gələcəyəm, ailə quracağam, işləyib ailəmə, sizə baxacağam". Ən böyük arzusu hərbçi olmaq idi. Hələ məktəb vaxtı Nəsimi rayonunda bütün hərbi təlimlərə özü komandirlik edərdi".


Şəhidin kiçik qardaşı xatirələrini nəql edir: "Mənə dedi ki, gələndən sonra boksa yazılacam, məşqə bərabər gedərik. Bir dəfə qardaşımla şadlıq sarayına işləməyə getdik. Onda Elvini və dostumu işə götürdülər, məni yox. Dedilər, sənin boyun balacadır. Elvin bununla razılaşmadı, bildirdi ki, o da işləməyəcək. Başqa yerdə işləməyə başladıq. Mən atamın üzünü görməmişəm, qardaşım mənə ata idi..."

Emil qardaşıyla fəxr etdiyini deyir: "İnanın hiss etdiyim bu qüruru heç bir cümlə ilə izah edə bilmərəm. Onun yüksəldiyi zirvə hər insana nəsib olmur. Döyüş yoldaşları deyir ki, o qədər əsgərdən qəlpə Elvinə tuş gəldi. Allah onu seçdi, bu zirvəyə onu layiq gördü. Qardaşım elə bir insan idi ki, ondan ürəyini istə, çıxarıb verərdi... Elvinlə qürur duyuram, amma, onsuz yaşamaq da çox çətindir. Bilirəm ki, cənnətdəki yeri gözəldir".


Şəhidin anası Kəmalə Rəhimova da hisslərini bölüşüb: "Balam çox mehriban və vətənpərvər övlad idi. Onunla fəxr edirəm. Oğlum Vətəni uğrunda sevinə-sevinə döyüşürdü.

Çox arzuları vardı. Sənədlərini Dövlət Sərhəd Xidməti Akademiyasına verdi, Azərbaycan dili imtahanından kəsildi. Ona görə ikinci imtahana buraxılmadı. Hərb sahəsinə böyük həvəsi var idi. Məktəbi bitirdikdən sonra hərbi xidmətə getdi. Uşaq vaxtı ancaq silahlarla oynayırdı, həmişə deyirdi ki, mənə oyuncaq silahlar alın. Çox qoçaq uşaq idi. İdmançı idi, beş il futbola getmişdi..."



Maddi vəziyyəti aşağı olan ana oğlunun məktəb illərində şadlıq sarayında işlədiyini vurğuladı: "Elvin məktəbdə oxuya-oxuya şadlıq sarayında işləyirdi, dərsdən sonra. Amma bunu müəllimləri bilmirdi. Oğlum ailəyə kömək etmək üçün onuncu sinifdən işləməyə başladı. Gününə on manat qazanırdı, pulu alıb, mənə verirdi".


Kəmalə xanım oğlunun sevdiyi qızdan da danışıb: "Sevdiyi qız vardı. Deyirdi, son nəfəsinə qədər onu sevəcək. Qız anası ilə oğlumun qəbrini ziyarət etdi. Həmin gecə Elvini yuxumda gördüm, sevinirdi, gülürdü. Hiss etmişdi ki, sevgilisi onun qəbrini ziyarət edəcək..."


Sonuncu dəfə ona dedim ki, "Oğlum, özündən muğayat ol. Ana qurban, sən mənim nəfəsimsən, sənə bir şey olsa mən nə edərəm?!", dedi ki, "Ana mən canavar kimi oğlanam, ermənidən qorxacağam?!"
Elə bu söhbət ana ilə oğulun sonuncu danışığı olub. Özündən sonra anasını kiçik qardaşına əmanət edən 19 yaşlı şəhidimiz əbədiyyətə qovuşub.