2021/05/sehhh-1621457230.jpg

line
Adı: Məmmədov
Soyadı: Ayxan
Ata adı: Rəfail
Doğum tarixi: 14.09.1998
Şəhid olub: 21.10.2020
Rütbəsi: Leytenant
Təltifləri
«Azərbaycan Bayrağı» ordeni«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Ayxan Rəfail oğlu Məmmədov 1998-ci il sentyabrın 14-də Şərur rayonunun Xanlıqlar kəndində dünyaya gəlib. Şəlalə ana oğlunu laylalarla oxşayardı. Rəfail kişinin isə bir arzusu var idi: Ayxan vətənə layiq övlad olsun. Oldu, həm də o qədər layiqli bir oğul oldu ki, bütün nəsil və Azərbaycan xalqı onunla qürur duydu.

Ayxan 2004-cü ildə Şərur rayonunun Xanlıqlar kəndindəki Zülfüqar Hüseynov adına tam orta məktəbdə təhsil almağa başlayıb. 2013-cü ildə Heydər Əliyev adına Ali Hərbi Liseyə daxil olub. Oranı bitirdikdən sonra 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Orada da 4 il təhsil aldıqdan sonra 2020-ci ildə leytenant hərbi rütbəsinə layiq görülüb.

İyunun 20-də təyinatla Beyləqana göndərilib. 10 gün sonra kəşfiyyat kurslarına qatılıb və 20 günlük kursu müvəffəqiyyətlə başa vurub. Daha sonra Cəlilabada göndərilib. Elə 44 günlük Vətən Müharibəsinə də Cəlilabadan yollanıb.

"Ana, məndən sənə oğul olmaz, mən Vətənin oğluyam". Bu sözləri Ayxan anasına 8 Mart günü demişdi. Bir ananın oğlundan duya biləcəyi ən qürurlu və eyni zamanda qəlb sızladan sözlər idi bu sözlər. Bir neçə ay sonra Ayxan Vətənin oğlu oldu...

Sonuncu dəfə 23 fevral 2020-ci ildə evlərindən, sevdiklərindən ayrılan Ayxan 9 ay həsrət qaldıqlarına sarılmadan döyüşə yollanıb. Hər kəs onun həsrətini çəkirdi. Ancaq bir nəfər vardı ki, Ayxanın hər anının ağrı-acısını hiss edirdi. Çünki Ayxanı ürəyinə bükmüşdü, xəyallarında sevdası ilə isidirdi Sevda. Arzularının hər biri Ayxana uzanıb çatırdı. Barmağındakı üzük Ayxanın nişanəsi idi. O qədər sevirdi ki, Allah yuxuda Ayxanın şəhid olacağını əyan etmişdi Sevdaya...



Oktyabrın 18-də Ayxan ailəsinə zəng edib. Hər kəslə danışıb. Atasına "Ata, mənə qurban kəs" deyib. Ancaq səbəbini açıqlamayıb. Səhər tezdən atası oğlunun adına qurban kəsib. Amma Ayxan bir daha zəng etməyib ki, qurbanının kəsildiyini atası ona desin... Bəlkə illər sonra Vətən torpağı azad olunduğu üçün qurban kəsilməsini istəyibmiş... Bəlkə də şəhadət yoluna qədəm qoyduğu üçün...

Zəng etdiyi gündən cəmi 3 gün sonra - oktyabrın 21-i Cəbrayıl, Füzuli istiqamətində gedən döyüşlər zamanı şəhid olsa da, Ayxanın şəhadət xəbəri oktyabrın 23-də yayılır. Heç kimin çəsarəti çatmır bu xəbəri şəhidin ailəsinə desin. Min bəhanə ilə qohum-qonşu şəhidin evinə axışır. Bu gəl-getlər artıq ailəyə acı gerçəkdən xəbər verirdi. Ancaq onlar Ayxanın yoxluğu barəsində düşünmürdülər.

...Oktyabrın 24-ü Naxçıvanın səmasında bir təyyarə göründü. O təyyarə ruhu göyə ucalan 12 qəhrəmanın cismini gətirirdi. Bir-bir endirilən tabutların hərəsi bir məğrurluq nümunəsi idi. Hər biri zəfərin müjdəçisi idi. Naxçıvan camaatı artıq neçənci dəfə idi cərgə ilə düzülən qəhrəman şəhidlərin tabutlarının başına pərvanə olurdu.

Elə həmin gün Ayxan doğulub boya-başa çatdığı Xanlıqlar kəndinin qəbiristanlığında torpağa tapşırıldı. Gedişi ilə dərin və sağalmaz yara vuruldu ürəklərə.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən Ayxan Rəfail oğlu Məmmədov “Vətən müharibəsi iştirakçısı”, “Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”, “Şuşanın azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Kəlbəcərin azad edilməsinə görə” medalları və “Azərbaycan Bayrağı ordeni” ilə təltif olunub.