Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi və 30 illik nifrət hiss, qisas əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, məzarı önündə səcdə etdiyimiz şəhidlərdən biri də Elvin İsgəndərovdur.
Elvin Akif oğlu İsgəndərov 14 avqust 1989-cu ildə Şabran rayonunda anadan olub. 1995-2006-cı illərdə Şabran rayonu 2 sayli orta məktəbdə təhsil alıb. 2006-ci ildə hərbi xidmətə çağırılıb, 2008-ci ildə tərxis olunub. Elvin 2009-cu ildə Təlim Tədris Mərkəzinə çavuşluq kursuna daxil olub. Müdafiə Nazirliyinin əmrinə əsasən N saylı hərbi hissəyə motoatıcı manqa komandiri vəzifəsinə təyin olunub. 1 iyul 2010-cu il tarixində Xüsusi Təyinatli Qüvvələr kursunu keçmək üçün N sayli hərbi hissəyə ezam olunub. Kursu bitirdikdən sonra 2011-ci il N saylı hərbi hissədə kəşfiyyatçı vəzifəsinə təyin olunub. Bir müddət burada kəşfiyyatçı kimi xidmət etdikdən sonra Azərbaycan Respublikasinin Müdafiə Nazirliyinin əmri ilə "Azərbaycan Respublikasinin Silahli Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Qüsursuz xidmətə görə" medalı ilə təltif edilib. 2011-ci ildə Elvin İsgəndərova kiçik gizir, 2013-cü ildə isə gizir hərbi rütbəsi verilib.
Xidməti dövründə Elvin bir neçə dəfə tapşırıqlarda, əməliyyatlarda olub, aprel döyüşlərində iştirak edib, bir neçə ermənini öldürüb, qarşı tərəfə sarsıdıcı zərbələr vurub. Döyüş bitəndən sonra könüllü olaraq neytral zonada qalan döyüş yoldaşlarının cansız bədənlərini götürməyə kömək edib.
2020-ci ildə İkinci Qarabağ müharibəsində Elvin Füzuli, Murov, Suqovuşan, Hadrut uğrunda gedən döyüşlərdə iştirak edib və böyük şücaət göstərib. 4 oktyabr səhəri öz dəstəsilə kəşfiyyata gedərək Cəbrayılda ön xətdə yerləşən erməni hərbi hissələrinin birini ələ keçirib, 40-a yaxın ermənini öldürüb, 320 nəfəri mühasirəyə salıb. Əlbəyaxa döyüşlərdə iştirak edərək bir neçə tapşırığın öhdəsindən uğurla gəlib. Elvin İsgəndərov 5 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun işgaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elvin İsgəndərov ölümündən sonra "Cəsur döyüşçü", “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə ” medalları ilə təltif edilib.
"Boğuluram, nəfəs ala bilmirəm. Təsəvvür edin, bizim bir dünyamız var idi. Elvin getdi, dünyamız dağıldı. İndi bilmirəm haradayam. Yerdəyəm, göydəyəm, ərafdayam? Mənə deyirlər, ayaq üstə qalmalısan, uşaqlarına görə. Amma mənim həyatımı o idarə edirdi. Həmişə düşünürdüm ki, o olmasa, nə edərəm..." , - şəhidin çox sevdiyi xanımı, ömür-gün yoldaşı Səmayə xanım danışır.
"Özünü bura öyrəşdirmə, biz burada qonağıq" , - Cəlilabada təyinat alan Elvin belə deyirdi həyat yoldaşına.
"Bəlkə də hiss edirmiş ki, şəhid olacaq. O, heç bir vaxt ehtiyatda olmaq istəmirdi. Həmişə özünü ön sıralarda görürdü. Sentyabrın 26-da gördüm onu sonuncu dəfə. Dedi, "Genişmiqyaslı təlimlərə qatılıram". Demədi, müharibəyə gedirəm. Sonra 4 gün xəbər ala bilmədik. Ayın 30-da isə atama zəng elədi. Biz o günə qədər Elvindən əlimizi üzüb, hərbi komissarlıqdan xəbər gözləyirdik".
Səmayə xanım davam edir:
"Dedilər ki, Evin ağır yaralanıb. Amma bilirdim ki, o, daha yoxdur. Gecə ilə atasıgilə, Şabrana getdim. Çoxlu adam var idi. Səhər çıxdım, gördüm ki, qapımıza bayraq sancılıb. Ürəyimə pis gəldi. Düşündüm ki, Elvin şəhid olmayıb axı, bayraq niyə sancılıb? Bayrağı götürüb, evə apardım".
Şəhiddən geriyə 3 balası - qızları Səlimə və Nuray və bir oğlu yadigar qalıb.
"Çalışacağam, həm ataları, həm anaları olum.. Amma bilirəm ki, ola bilməyəcəyəm. Bunun üçün əlimdən gələni edəcəyəm. Elvinimin üç yadigarı var, atalarına layiq böyüməlidirlər" , - şəhidin yoldaşı deyir.