44 gün davam edən Vətən müharibəsində yüzlərlə oğullarımız şəhid olub, yaralanıb. Şəhid olan oğullarımızdan biri də Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) giziri Vasif Mehbalıyevdir.
Düşmən təxribatlarının qarşısını almaq üçün sentyabrın 27-də bütün cəbhə boyu başlanan əks-hücum əməliyyatında Vasif Mehbalıyev də silahdaşları ilə birlikdə ön sırada olub.
Vasif Mehbalıyev 1994-ci il martın 26-da Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. Əslən Lerik rayonunun Livədirqə kəndindəndir. Orta məktəbi bitirəndən sonra sənədlərini ali məktəbə versə də, müsabiqədən keçə bilməyib. Bu səbəbdən hərbi xidmətdən sonra öz istəyi ilə müddətdən artıq xidməti vəzifəsinə başlayıb.
Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin giziri olan Vasif Mehbalıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Füzuli rayonunun azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Füzulinin kəndlərinin azad edilməsi uğrunda düşmənə sarsıdıcı zərbələr vuraraq, onların zirehli texnikalarını məhv edib. Qolundan yaralanmasına baxmayaraq, döyüşü davam etdirib.
Oktyabrın 15-də Füzulinin yaşayış məntəqələri uğrunda gedən qanlı savaşlarda gizir Vasif Mehbalıyev tabeliyində olan yaralı əsgərini güllə yağışları altından çıxarmaq istəyib. Elə bu zaman düşmən gülləsinə tuş gəlib və 26 yaşında ən ali məqama-şəhidlik zirvəsinə ucalıb .
Atası oğlunun şəhid olduğundan xəbərsiz olsa da, bunu eşidən bacılarından biri qardaş itkisinə dözə bilməyərək dünyasını dəyişib.
Şəhidin anası Fəridə Mehbalıyeva bildirir ki, o, altı bacının bir qardaşı idi:
“Bir bacının da ürəyi partladı. Eşitdi ki, qardaşı şəhid olub. Tabut gəlməmiş uşağın ürəyi partladı öldü. Vasifi gətirəndə yarı yolda gözləyiblər ki, bu tabut çıxsın, o birini gətirsinlər”.
İki övlad acısını yaşayan ailənin qəddi əyilsə də, sınmayıb. Başınızı dik tutun, şəhid ailəsi. Nə qədər ki, xalqımız var, Vasif və onun kimi şəhidlərimiz heç vaxt unudulmayacaq, daim xatırlanacaq.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Vasif Mehbalıyev ölümündən sonra bir sıra orden və medallarla təltif edilib:
1. “Azərbaycan Bayrağı ordeni”
2.“Vətən müharibəsi iştirakçısı” medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Cəbrayılın azad edilməsinə görə” medalı;
5. “Xocavəndin azad edilməsinə görə” medalı;
6.“Füzulinin azad edilməsinə görə” medalı;
7.“Şücaətə görə” medalı.