Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn oğullarımızın xatirəsi hər birimiz üçün əziz, doğmadır. Müqəddəs adlarını əbədiləşdirmək də ən ümdə vəzifəmizdir.44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Xüsusi Təyinatlı qüvvələrin kiçik giziri Röyal Şahin oğlu Mədətovdur.
Röyal Mədətov 14 May 1992-ci il tarixində Qazax rayonunda dünyaya göz açıb. 1998-ci ildə Qazax rayon Alı Əliyev adına Hüseynbəyli kənd tam orta məktəbin I sinfinə daxil olmuş, 2009-cu ildə həmin məktəbin XI sinfini bitirmişdir. 2010-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmışdır. 2011-ci ildə hərbi xidmətdən sonra, Ağdam rayonunda “N” saylı hərbi hissədə çalışmağa başlayıb. Röyal 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb və yaralanıb.Təkrar olaraq ordu sıralarına qayıdaraq kiçik gizir kimi hərbi xidmətini davam etdirmişdir.
Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan Röyal Mədətov Vətən müharibəsi başlayanda ölümün gözünə dik baxaraq torpaqlarımızın azadlığı uğrunda döyüşdü və yoldaşları ilə birlikdə qəhrəmanlıq dastanı yazdı.
Röyalın vəzifəsi snayper kimi görünmədən görmək, ölmədən öldürməkdən ibarət idi. Bu vəzifəni uğurla icra etdikdən sonra yenə də düşmənə hər vəchlə zərbə vurmağa çalışırdı. Çünki o, xüsusi təyinatlı idi.
Valideyinləri də bilmirdi gizir Röyalın yerini və yaralı olduğunu... Bizim xüsusi təyinatlı igidimiz müharibənin qaydalarına ciddi riayət edərək, bütün gizlinləri mətanətlə qəlbində daşıyıdı. Axı o, vətəni qoruyurdu...Füzulidə yaralansa da, təkrar hərb meydanına can atıb.
Dilindən vətən sözü bir an düşməyən Röyal düşmənin qəniminə çevrilmişd. Ön cəbhəyə geri dönən qəhrəmanımız düşmənin üç maşın kolonunu partladıb. Taqımı ilə birlikdə ümumilikdə yüzə yaxın düşmən hərbçisini məhv edib.
Röyal Mədətov oktyabrın 22-də Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Qazax rayonunun Hüseynbəyli kəndində dəfn olunub.
Şəhidimiz evli idi. Övladı olmayıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Röyal Mədətov ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə","Xocavəndin azad olunmasına görə" ,"Kəlbəcərin azad olunmasına görə",“Cəbrayılın azad edilməsinə görə”, “Füzulinin azad edilməsinə görə”,“Şücaətə görə” medalları və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Azərbaycan Ordusunun kiçik giziri olan Röyal Mədətov xidmət illərində "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı ilə təltif edilib.