2021/09/aqil-1632213218.jpg

line
Adı: Zeynallı
Soyadı: Aqil
Ata adı: Aydın
Doğum tarixi: 05.11.1995
Şəhid olub: 29.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Cəsur döyüşçü» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə vardır. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Belə şəhidlərdən biri də Aqil Zeynallıdır.

Aqil Aydın oğlu Zeynallı 1995-ci il noyabrın 5-də Sabirabad rayonunun Axtaçı Muğan kəndində anadan olub. M.Məlikov adına Şəhriyar tam orta məktəbini bitirib. 2014-cü ilin yanvar ayında hərbi xidmətə yollanaraq Qazax şəhərində yerləşən əlahiddə bölmələrdə xidmət göstərib. Burada o, hərbin bir çox sirlərinə yiyələnərək özünün fiziki imkanları ilə də diqqəti cəlb edib. Kəşfiyyatçı-istehkamçı manqa komandiri kimi bacarıqları da diqqətdən yayınmayıb. Bir il yarım çəkən hərbi xidmət borcunu layiqincə yerinə yetirərək 2015-ci ilin yayında ordudan tərxis olunub.

Gələndən sonra da həmişəki kimi idmanla ciddi məşğul olmaqda davam edir, öz fiziki hazırlığı üçün xüsusi vaxt ayırırıdı. Hərb sahəsinə olan marağı onu rahat buraxmır və müraciət əsasında yenidən MAXE kimi Bakı şəhərində “N” saylı hərbi hissədə qulluq etməyə başlayır. XTQ-dən gələn əməkdaşlar Aqili təlimlərdə iştirak etmək üçün seçir, altı aylıq xüsusi təlimlərdən sonra isə sınaq zamanı birinci yerə layiq görülərək XTQ sıralarına qəbul olunur. Artıq 2017-ci ilin sonlarından başlayaraq Aqil Zeynallı XTQ-ın sıralarında qulluq etməyə başlayır...

XTQ sıralarında qulluq illərində rəhbərlik tərəfindən iki dəfə “ Döyüş və ictimai-siyasi hazırlıqda yüksək nailiyyətlər əldə etdiyinə və nizam-intizamı ilə seçildiyinə görə” təltif olunur.

Azərbaycan Ordusunun kiçik giziri Aqil Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan torpaqlarımızın azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlərdə XTQ-da qulluq edən əsgərlərin xidməti əvəzsizdir, onlar müharibənin ən qızğın yerində döyüşərək torpaqlarımızın düşməndən təmizlənməsində əlahiddə xidmətlər göstəriblər. Dağların keçilməz yollarını dəf edərək, düşmənin içinə qədər irəliləyən bu cəngavər hərbçilərimiz həmişə düşmən arasına vəlvələ salmış, onları qorxu içərisində saxlamağa nail olmuşdur. Bütün fəndləri bilən, ekstrim vəziyyətlərə yaxşı bələd olan və ondan baş çıxara bilən əsgər və zabitlərimizin bir nəfəri azı on nəfər düşmənə qarşı təkbaşına döyüşürdi. Yaralı əsgər yoldaşlarını heç vaxt darda qoymayan, onları çiyninə alaraq döyüş meydanından çıxaran qəhrəman əsgərlərimizdəndir Aqil Zeynallı!..

Aqil Zeynallı oktyabrın 29-da Xocəvənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Sabirabad rayonunun Axtaçı Muğan kəndində dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Aqil Zeynallı ölümündən sonra bir sıra medallarla təltif edilib.

1.“Cəsur döyüşçü” medalı;
2.“Vətən müharibəsi iştirakçısı” medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4. “Cəbrayılın azad edilməsinə görə” medalı;
5.“Xocavəndin azad edilməsinə görə” medalı;
6. “Füzulinin azad edilməsinə görə” medalı;
7.“Şücaətə görə” medalı.