O, canını Vətən uğrunda fəda edərək şəhidlik zirvəsinə ucalıb. Yaşasaydı, 26 yaşını qeyd edəcəkdi. Lakin şərəfli ömür yaşayaraq, əbədiyyətə qovuşdu. Budəfəki yazımızın qəhrəmanı şəhid Bəxtiyar Mayılovdur.
Vətən müharibəsi qəhrəmanlarından olan Mayılov Bəxtiyar İxtiyar oğlu 1995-ci ilin bu günündə Sabirabad rayon Surra kəndində dünyaya gəlib. Ailənin ikinci oğlan övladı olan Bəxtiyar qısa, lakin şərəfli ömür yaşayıb.
Bəli, Vətən uğrunda qəhrəmanlıqla şəhidlik zirvəsinə yüksələn Bəxtiyar gələcək nəsillər üçün örnəkdir. Onun doğum günündə iştirak edən azyaşlı uşaqların söylədiyi şeirlər də elə Bəxtiyar kimi qəhrəmanlara həsr olunub.
Şəhidin azyaşlı qohumu Böyükağa Mayılov titrək səslə dayısı Bəxtiyarla fəxr etdiyini bildirir: “Mənim dayım Vətən üçün, el-oba üçün, ana-bacı üçün və bizim kimi azyaşlı uşaqlar üçün canını fəda etdi. Mən dayımla fəxr edirəm”.
İllər keçsə də şəhidlər unudulmayacaq, daim qəlblərdə yaşayacaqlar. Hələ azyaşlı vaxtlarından Bəxtiyar vətənpərvərliyi, qoçaqlığı ilə seçilirdi. Qəhrəman övladı haqqında qürurla danışan şəhid atası İxtiyar Mayılov deyir ki, Bəxtiyar hələ yeniyetmə çağlarından hərbi geyimə həvəs göstərirdi. “Xocalı faciəsini unutmadıq” sözləri yazılan köynəyində, həm də o vaxt işğal altında olan rayonlarımızın adı da əks olunmuşdu. O torpaqlar Bəxtiyar kimi qəhrəmanların qanı bahasına azad edildi”.
Bəxtiyar hələ iyul hadisələrində könüllü olaraq ordu sıralarına yazılmaq üçün müraciət etmişdi. Vətən müharibəsində gələn çağırışla o, Bakıdakı işini yarımçıq qoyaraq döyüşə yollandı. Cəbrayıl, Zəngilan, Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə pulemyotçu olaraq düşmənə ağır zərbələr endirib. Sonuncu dəfə oktyabrın 19-da ailəsi ilə əlaqə saxlayıb. Oktyabrın 21-də isə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Qardaşı İmran Mayılov deyir ki, Bəxtiyar yaşca kiçik olmasına baxmayaraq, hər zaman istedadı ilə seçilərdi. Onu özünə böyük qardaş kimi görən İmran indi qəhrəman qardaşı ilə və bütün şəhidlərimzlə fəxr etdiyini söyləyir.
Şəhid Bəxtiyarın ən yaxın dostu Firqan Əsgərov da tarix yazan şəhidlərimizdəndir. Hər dəfə doğum günlərində bir-birini tək qoymayan dostlar oxşar ömür yolu keçərək şəhidlik zirvəsinə ucalıblar. Şəhid Firqanın atası Xanbala Əsgərov deyir ki, onların dünyaya göz açdığı gün ayın 13-nə təsadüf edirdi. Firqan martın 13-də, Bəxtiyar isə aprelin 13-də doğulmuşdu. Şəhadətə ucalmaları isə cəmi 1 gün fərqlə oldu. Oktyabrın 20-də Firqanın, 21-də isə Bəxtiyarın şəhid xəbəri gəldi.
Bəxtiyarın doğum günündə döyüşçü yoldaşları da onun məzarını ziyarət ediblər. Şəhidin həmyerlisi və döyüşçü yoldaşı Osman Çaxov söyləyir ki, Bəxtiyar və digər şəhidlərimizin ruhu şaddır: “Çünki onların qanı yerdə qalmadı, Vətən torpaqları azadlığa qovuşdu. Bu şanlı tariximiz Bəxtiyar və digər şəhidlərimizin qanı ilə yazıldı.
Qeyd edək ki, Bəxtiyar Mayılov doğulub boya-başa çatdığı Surra kəndində dostu Firqan ilə bir məzarlıqda dəfn olunub.
Surra kəndindən olan Vətən müharibəsinin şəhid dostlarının xatirəsinə abidə də ucaldılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Bəxtiyar Mayılov ölümündən sonra "Vətən uğrunda" , "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib.