Deyirlər bütün müharibələr zorla başlayır, amma ağılla qurtarır, eynən Azərbaycanın başlamağa məcbur qaldığı İkinci Qarabağ müharibəsi kimi...
Müharibə deyəndə burnuma ölüm və qan qoxusu gəlir, üzünü kədər bürümüş analar, bacılar, atalar gəlir. Əlimdə imkan olsaydı bütün yer üzünə sülh və əmin-amanlıq gətirərdim, zülmü, istibdadı beşiyindəcə boğardım, təki uşaqlar həmişə gülsün, ata-analara şəhid valideyni deyilməsin, bacılar qardaş deyib saç yolmasın.., əlbəttə ki, olsaydı...
Eltun Mirzəyev Vüqar oğlu, 2 yanvar 1997-ci ildə Minbaşı kəndində dünyaya gəlib. 2014-cü ildə Qarağac kənd tam orta məktəbini bitirib. 2015-ci ilin yanvar ayında həqiqi hərbi xidmətə çağırılaraq vətənə ilk boğcunu verməyə yollanıb və Bakı Piyada Qoşunlarına aid “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətini başa vurub kəndlərinə dönən Eltun elə kənd mağazasında işləməyə başlasa da düşmənlərin cəbhənin Tovuz istiqamətində dinc əhaliyə qarşı törətdyi cinayətlər onu dinc buraxmayıb. Hərbi Komissarlığa gedərək könüllü ərizə yazaraq döyüşə getmək istədiyini bildirir. İkinci Qarabağ müharibəsi başlananda ərizəsinə görə səfərbərliyə alınır və 29 sentyabr 2020-ci ildə döyüşə yollanır.
Eltun Ağcabədidə qısa təlimlərdən sonra ağır döyüşlər gedən Cəbrayıl və Qubadlı istiqamətində döyüşlərə qatılmışdır. Neçə çətin döyüşlərdən keçmiş, müharibənin boz sifətini görmüşdür. Odun, alovun içində özünə dostlar da qazanmış, vaxtından qabaq qırılan ömür yollarına şahidlik də etmişdir. Amma bir an belə qələbəyə olan inamını itirməmiş, torpaqlarımız uğrunda gözünü belə qırpmadan döyüş meydanına atılmışdır. O, Qubadlı uğrunda gedən ağır döyüşlərin birində ayağından yaralansa da geri çəkilməmiş və döyüşləri davam etdirmişdir.
Elə həmin gün- 30 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə yüksəlmiş və Noyabr ayının 12-də Qarağac kəndində dəfn olunmuşdur... Ölümündən sonra Eltun Vüqar oğlu Mirzəyev “Vətən uğrunda, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Valideynləri onu mərd, tərbiyəli övlad kimi xatırlayırlar. Atası Eltunun Tovuz döyüşlərindən sonra adını orduya könüllü yazdırdığını deyir: “Ayın 28-də qismən səfərbərlikdə dedi, gedirəm. Getdi, ayın 28-nə qədər danışırdıq, deyirdi yaxşıyam, sevinirdik. Deyirdi, gələndə sizə buralardan, görün, nələr danışacam. 28-dən sonra telefon zəngi olmadı. Sonra şəhid xəbərini eşitdik”.
Anası Gülşən xanım müsahibələrinin birində qeyd edir:
-“Subay idi, nə qədər arzuları vardı, amma heç biri Vətən sevgisinə üstün gələ bilmədi.. Oktyabrın 28-də oğlumla son dəfə telefonla danışdıq, o dedi ki, döyüşə gedəcəyik, sizinlə əlaqə saxlaya bilməsəm narahat olmayın...”
Eltunun bibisi oğlu Səfiyev Abbas Rəşid oğlu isə qazidir, cəbhəyə birgə getmişdilər. O, Qubadlı uğrunda gedən şiddətli döyüşlərdə mərmi partlamaşı nəticəsində müxtəlif dərəcəli yanıq və qəlpə yaraları alaraq Füzuli Mərkəzi Xəstəxanasına gətirilmişdir. Sonrakı müalicələri Zərdab MRX-da davam etdirilən qazinin vəziyyəti indi qənaətbəxşdir.
Uzun bir döyüş yolu keçən Eltun Mirzəyevin məzarı indi bu kəndin ziyarətgahına çevrilmişdir. Bir məzarlıq da böyüdü, genişləndi bu Vətən, and yerimiz, inam yerimiz oldu şəhid ünvanları... Gələcək nəsillər onların adını unutmayacaq, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda canından keçən oğulları ilə fəxr edəcəkdir...