Şəhid Məharət Ramil oğlu Həsənov 1987-ci il oktyabrın 25-də Şirvan şəhərində anadan olub. 1994-cü ildə Şirvan şəhər Mübariz İsrayilov adına 18 nömrəli təbiət-humanitar təmayüllü məktəb liseyin 1-ci sinfinə daxil olub. 2002-ci ildə 9-cu sinfi bitirən Məharət bir müddət İdman Kollecində oxusa da, təhsilini davam etdirməyib. 2005-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şirvan Şəhər Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılıb. Tərtər rayonunun N saylı hərbi hissəsində manqa komandiri kimi xidmət edib.
Məharət 2007-ci ilin iyul ayında hərbi xidmətini başa vurduqdan sonra yeniyetməlik dövründən məşğul olduğu bərbərliyi özünə daimi peşə seçib. İşinə olan məsuliyyəti tezliklə adını şəhərdə tanıdır, yaşından asılı olmayaraq yanına gələnlər ona “əlləri qızıl usta” deyirlər, adı kimi məharətli olur. 2013-cü ilin aprel ayında ailə həyatı quran Məharət 2014-cü ildə dünyaya gələn oğluna atasının adını qoyub. 2019-cu ildə atasının xərçəng xəstəliyindən dünyasını dəyişməsi ilə ailənin bütün məsuliyyətini üzərinə götürməli olub. Ailənin ilk övladı olduğu üçün anasına həmsirdaş, bacıları Firəngizə, Laləyə, Mərhəmətə ata, qardaşına isə arxa-dayaq olur.
2020-ci ilin iyul ayında ermənilərin yeni ərazi iddiası ilə Tovuz rayonunun sərhədlərini atəşə tutması, əsgərlərimizlə birlikdə yüksək rütbəli zabitlərimizin şəhid olması xəbəri hər kəsin səbir kasasını doldurdu. General Polad Həşimovun şəhadəti onun əsgəri olmuş minlərlə gənci qisas hissi ilə bir anda hərbi komissarlıqların önünə topladı. Gənclər şəhidlərimizin qisasını almaq, torpaqlarımızı işğaldan azad etmək, Vətənimizi müdafiə etmək üçün Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdilər. Vaxtilə Polad Həşimovun əsgəri olmuş Məharət Həsənov da orduya ilk könüllü yazılan gənclərin sırasında idi. Dörd dəfə könüllü olaraq müraciət edən Məharət Həsənov, nəhayət sentyabrın 29-da döyüşə yollanıb. Bu dəfə də manqa komandiri kimi Vətənin müdafiəsinə qoşulub, əsgərləri ilə birlikdə düşmənin canlı qüvvəsinin və döyüş sursatlarının məhv edilməsində iştirak edib. Döyüş yoldaşlarının dediyi kimi, yaralı əsgərləri döyüş zonasından çıxarıb. Yoldaşları nə qədər israr etsə də, yaralanmağına baxmayaraq özü döyüşü tərk etməyib. Son damla qanına, axır nəfəsinə qədər döyüşərək oktyabrın 15-də şəhadət məqamına yüksəlib Məharət. Gözlərini həyata əbədi yummazdan əvvəl dediyi son sözləri bu gün təkcə doğmalarının deyil, onu tanıyan hər kəsin ürəyini parçalayır: “Anama deyin, ağlamasın... Bir də qardaşıma söz vermişdim, toyunu özüm edəcəkdim, məni bağışlasın...”
İkinci Qarabağ müharibəsində Vətən uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi, Məharət Həsənovun da göstərdiyi qəhrəmanlıq, igidlik ölkə prezidenti tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən, Məharət ölümündən sonra "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, «Cəsur döyüşçü» medallarına layiq görülüb.