Elvin Kazımov 3 dekabr 1987-ci il tarixində anadan olub. O, hələ yeniyetməlik dövründə hərbçi olmaq arzusu ilə yaşayıb, bu məqsədlə Naxçıvanski adına Hərbi Liseyə daxil olub. 2006-cı ildə Liseyi müvəffəqiyyətlə bitirdikdən sonra isə sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib. 2010-cu ildə tam Ali təhsil aldıqdan sonra bir il Təlim-Tədris Mərkəzində ixtisasartırma kursunda oxuyub.
Kapitan Elvin Kazımov leytenant rütbəsi aldıqdan sonra müxtəlif hərbi hissələrdə vətənə sədaqətlə xidmət edib.
Təbiətcə sakit, təmkinli, gülərüz və mehribanlığı ilə seçilən kapitan Elvin Kazımov ailəli idi, hər gün oğlu Rəvan ilə daha çox vaxt keçirmək üçün evə tələsirdi.
Elvin Kazımovun iki qardaşı var. O, böyük qardaşı mayor Elçin Kazımovla birlikdə eyni istiqamətdə gedən döyüşlərdə bir-birilərindən xəbərsiz vuruşublar.
Kapitan Elvin Kazımov yaşadığı məhəllədə özünü tərbiyəli, qayğıkeş və səmimi insan kimi tanıdaraq hamının sevimlisinə çevrilib.
Elvin Kazımov 2014-cu ildə, avqustun 31-dən sentyabrın 1-nə keçən gecə Ağcabədi rayonunun Yusifcanlı kəndi istiqamətində kəşfiyyat döyüş tapşırıqlarını yerinə yetirərkən düşmənin xain pusqusuna düşərək yaralanıb. 2016-ci ildə Aprel döyüşlərində iştirak edən kəşfiyyatçı 2018-ci ildə qüsursuz xidmətlərinə görə medalla təltif olunub.
Kapitan Elvin Kazımov 2020-ci il, oktyabrın 6-da Tərtər rayonunun Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək, şəhid olub. O, döyüş yoldaşlarıni xilas etmək üçün canını fəda edib. Son sözləri isə "Əsgərlərimi çıxarın, mən hələ dözərəm" olub.
Kapitan döyüşdən qabaq əsgərlərinə müraciət edərək, bu sözləri deyib:
- Ayə, heç kişi də ermənidən qorxarmı?! Biz bura ölməyə deyil, öldürməyə gəlmişik! Ölmək yoxdur, yalnız öldürmək var! Əgər şəhid olacağıqsa, düşməni məhv etdikdən sonra şəhadətə qovuşacağıq!
2021-ci il, dekabrın 5-də şəhid kapitan Elvin Kazımovun xatirəsinə ehtiram məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində anım mərasimi keçirilib. Mərasimdə Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, dostları, döyüş yoldaşları və Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Mərasim iştirakçılarına Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə başa çatan Vətən müharibəsindən, şəhid Elvin Kazımovun şərəfli ömür və döyüş yolundan bəhs edən videoçarx təqdim olunub.
Tədbirdə çıxış edənlər rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən, bu Qələbənin tarixi əhəmiyyətindən, Vətən müharibəsində Azərbaycan oğullarının qəhrəmanlığından və şəhid kapitan E.Kazımovun həyatından danışıblar.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Vətənimizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək, vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə kapitan Kazımov Elvin Ədalət oğlu ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
Şəhidin anası Fədayə xanım Kazımova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürünü bildirib.
Mərasimin sonunda Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri vətənpərvərliyi tərənnüm edən musiqilər ifa ediblər. Bədii hissənin davamı olaraq Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının ifasında şeirlər səsləndirilib.