Kəmaləddin Vuqar oğlu Məmmədzadə 1999-cu il sentyabrın 14-də Bakıda anadan olub. 1-ci sinfə Bakı şəhəri, 249 nömrəli orta məktəbdə gedib. 11-ci sinfi elə həmin məktəbdə başa vuran Kəmaləddin Azərbaycan Memarlıq və İnşaat Universitetinin Nəqliyyat fakültəsinin Geodeziya və xəritəçilik ixtisasına daxil olub.
2 il universitetdə oxuyan Kəmaləddin uşaqlıqdan Vətən sevgisi ilə böyüdüyündən, təhsilini yarımçıq qoyaraq, 2020-ci il, yanvarın 8-də hərbi xidmətə yollanıb.
O, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılaraq, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı, Laçın, Xocavəndin kəndləri, Şuşa şəhəri və bir çox strateji yüksəkliklərin işğaldan azad edilməsində iştirak edib, düşmənə ağır zərbələr endirib.
Noyabrın 9-u səhər saat 5 radələrində Şuşa döyüşləri zamanı boynundan snayperlə vurularaq, qəhrəmancasına şəhid olub.
Şəhidin bacısı Ülkər Məmmədzadə qardaşı ilə son dəfə noyabr ayının 1-də danışdıqlarını bildirib : “Dedim ki, yuxumdan heç çıxmırsan. Sən məni görürsənmi yuxunda? Dedi ki, "Ülkər, vallah nə yatmağım var, nə durmağım, nə yemək yeyə, nə də su içə bilirəm. Elə bil, yaşadıqlarım özü bir yuxudur. Bir şeyi bilirəm ki, hər şey ola bilər. Ola bilsin yaralı, ola bilsin şəhid..."
Dedim ki, nə olar elə demə, məni, anamı, atamı düşün. Onda da qayıdıb dedi ki, "sözdü də deyirəm, telefonu ver, anamla da danışım". Anamla danışanda deyib ki, şəhid olsam, nə edərsən? O da cavabında "qurban olaram, elə demə, nə olar..." söyləyib.
Daha sonra da atamla danışmaq istəyib və deyib ki, hər şey ola bilər, ancaq irəli gedəcəyik. Atam deyib ki, yox, oğlum ürəyimi partlatma, dəli olaram mən.
Ən sonda isə bildirib ki, "3 əsgər yoldaşım şəhid olub, mənim onlardan nəyim artıqdır ki?! Onların qisasını almalıyam. Mənə artıq heç nə deməyin, yoxsa zəng etmərəm bir də".
Bu sözləri dedi və zəng etmədi. Noyabrın 9-u şəhid oldu, xəbəri isə 11-i gəldi. Noyabr ayının 12-də Saatlı rayonu, Xələfli kənd qəbiristanlığındakı Şəhidlər Xiyabanında dəfn etdik.
Şəhidin bacısı Ülkər Məmmədzadə qardaşına şeir həsr edib:
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən Kəmaləddin Məmmədzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "İgidliyə görə", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.