Vətən müharibəsi başlayan ilk günlərdən Ali Baş Komandanın qismən səfərbərlik çağırışına könüllü qoşulan qəhrəmanlarımızdan biri də Alim Mirzə oğlu Yoldaşovdur. O, 1997-ci ilin mart ayının 10-da Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Orta təhsilini də elə bu kənddə alıb.
Alim 2015-2016-cı illərdə Tərtər rayonunun N saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. Vətən müharibəsinə qatılarkən telefonla atasından xeyir- dua alaraq könüllü cəbhəyə yollanıb. Atası ölkələr arası yükdaşıma nəqliyyatında çalışdığı üçün onunla görüşə bilməyib.
Şəhid atası Mirzə Yoldaşov:"Bir neçə gündən bir zəng edirdi, deyirdi, ata, irəliləyirik. Növbəti dəfə zəng edəndə dedi ki, Hadrutu alıblar, Şuşaya doğru irəliləyirlər. Şuşada bayraq sancacağını bildirirdi".
Şəhid anası Nargilə Yoldaşova:"Hər dəfə zəng edəndə deyirdi, özünüzdən uğayat olun. Tez-tez yuxularıma gəlir. Deyir, ana, mən ölməmişəm. Tez-tez qəbrimiz ziyarət et".
Füzulidən başladığı döyüşlərdə Alim peşəəkar pulemyotçu kimi düşmənə qan uddurub. Bir ay boyunca Xocavənd, hadrut istiqamətində düşmənin xeyli sayda canlı qüvvəsini və ön xəttə yerləşən artilleriya və minaatan batareyalarını dəqiq atəşlə məhv edib. Alim Füzuli rayonu istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində oktyabrın 28-d şəhid olub və Biləsuvar rayonu Nəsimikənd kənd məzarıstanlığında dəfn olunub. Əsgərimizin şəhid olduğu yer, post indi onun adını daşıyır.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Yoldaşov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Yoldaşov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Alim Yoldaşov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.