Sabir Əzizli 14 noyabr, 1998-ci ildə İmişli şəhərində anadan olub. 2016-cı ildə İmişli şəhər 1 saylı tam orta məktəbi bitirib. 2017-ci ildə Naxçıvanda hərbi xidmət müddətini davam etdirib.
Azərbaycan Ordusunun əsgəri olan Sabir Əzizli 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsində iştirak edib. Füzulinin və Cəbrayılın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Ailəsi ilə sonuncu dəfə 29 oktyabr tarixində əlaqə saxlayıb.. Qubadlının azad edilməsi uğrunda gedən döyüşlərdə ağır yaralansa da, döyüşlərə yenidən davam edib və döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.Uzun müddət itkin olaraq axtarılan Sabir Əzizlinin nəşi 10 yanvar 2021-ci ildə İmişli Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Sabir Əzizli "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən,Sabir Əzizli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Sabir Əzizli ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edilib.