Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi və 30 illik nifrət, qisas əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, məzarı önündə səcdə etdiyimiz şəhidlərimizdən biri də ömrünün 20-ci payızında adını tarixə yazdıran Maildir. Mail Mahir oğlu Əzizov 2000-ci il avqustun 28-də Lənkəran rayonu Şağlaküçə kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Mail Əzizov işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpa olunması üçün başlanan Vətən müharibəsi qızğın döyüşlərdə iştirak edib. Mail Əzizov oktyabrın 2-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Mail Əzizov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Bundan əlavə, ərazilərimizin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirərkən mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Mail ölümündən sonra "İgidliyə görə" medalı ilə də təltif edilib.