2021/12/necme-1640020759.jpg

line
Adı: Bədirov
Soyadı: Nəcməddin
Ata adı: Nurəddin
Doğum tarixi: 08.11.2001
Şəhid olub: 04.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Nəcməddin Nurəddin oğlu Bədirov 2001-ci il, noyabrın 8-də Tovuz rayonunun Düz Qırıqlı kəndində anadan olub. Orta təhsilini doğulduğu kənddə alan Nəcməddin məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

Nəcməddin Bədirov 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Nümunəvi əsgər olduğuna görə 3 tərifnamə alıb. Vətən müharibəmizdə Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il, oktyabrın 4-də Füzuli rayonunun Qaraxanbəyli kəndi istiqamətində döyüşdə şəhid olub. Bir müddət itkin kimi axtarılıb. Noyabrın 23-də şəhid olduğu təsdiqlənib.Tovuz rayonunun Düz Qırıqlı kəndində dəfn edilib.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Nəcməddin Bədirov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.



…Nəcməddingil ailədə üç uşaq – iki bacı, bir qardaş olublar. Evin sonbeşiyi olub Nəcməddin. Anasına “əsgərlikdən qayıdandan sonra səni işləməyə qoymayacağam, özüm işləyib hamınıza baxacağam” deyirmiş…
Müharibəyə aparılan gün Nəcməddin anası ilə telefon əlaqəsi saxlayıb. Ona “bizi cəbhəyə aparırlar, mənə çoxlu dua eləyin” deyib. Şəhidin anası Qərənfil Bədirova virtualaz.org-a açıqlamasında Vətən yolunda canını fəda edən 19 yaşlı balası ilə fəxr etdiyi bildirib: “Sentyabrın 28-də zəng vurub dedi ki, cəbhədəyəm, narahat olmayın. Dedi, "ana, Allaha çoxlu-çoxlu dua elə. İki gün sonra yenidən zəng vurdu. Hamımızla danışdı. Mənə dedi ki, "sən danış, qoy səsinə doyunca qulaq asım, həyatda ən çox sənə görə yaşayıram, heç nədən qorxma, oğlun qəhrəman olacaq". Mənim oğlum ağıllı uşaq olub. Balam fəxr ediləsi oğul idi. Elə dediyi kimi də oldu. Torpaq uğrunda canını verdi balam, qəhrəmanlıq göstərdi, ölümündən sonra oğluma medal da verdilər. Balamla fəxr edirəm”.


Ata-anasını bacısı Ayselə əmanət eləyən Nəcməddin telefonda ona “mənə axıracan qulaq as, bizi müharibəyə apardılar, həyatdı, birdən sağ qayıtmasam, oğlun olsa mənim adımı qoyarsan, onunla fəxr eləyərsən. Qorxmayın, hər şey yaxşı olacaq, amma ürəyimə damıb ki, mən sağ gəlməyəcəyəm. Ata-anamı sənə, səni də Allaha əmanət edirəm”,- deyib.
Sentyabrın 30-dan sonra Nəcməddinlə əlaqə saxlamaq mümkün olmayıb. Ailə üzvləri ondan heç cür xəbər tuta bilməyiblər. Bir müddət sonra ailəyə övladlarının itkin düşməsi barədə xəbər verilib. Noyabrın 23-də isə hərbi komissarlıqdan Nəcməddinin şəhid olduğu bildirilib. Ertəsi gün nəşi doğulduğu kəndə gətirilib və Düzqırıxlı kəndindəki məzarlıqda torpağa tapşırılıb.

19 yaşlı bu gənc Bədirovlar ailəsinin ilk şəhidi deyil. Onun əmisi Polad Bədirov da Birinci Qarabağ müharibəsində könüllü cəbhəyə yollanıb, Füzuli rayonun Şükürbəyli kəndində şəhid olub...


2021-ci ilin yanvarında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayon Düz Qırıqlı kənd sakini, şəhid əsgər Nəcməddin Bədirovun atası Nurəddin Fərman oğlu Bədirovla görüşüb. Millət vəkili şəhid əsgərin atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin atasısınız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiniz. Biz Sizə minnətdarıq! Qəhrəman şəhidimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik”.
Qənirə Paşayeva Nəcməddin kimi gənclərlə qürur duyduğunu bildirib: “Onun və cəbhə yoldaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub. Ulu Tanrıya şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazandı. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”.
Komitə sədri şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə “Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.