Hüseynov Fərid Yaşar oğlu 1997-ci il iyun ayının 17-də Sabirabad rayonunun Məmişlər kəndində dünyaya göz açıb.
2004-cü ildə orta məktəb gedib. Orta təhsillidir. Fərid 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb və 2016-cı ilin yanvarında hərbi xidməti bitirib. Şəhidimiz evin kiçik övladı olub. Fəriddən başqa evdə Günay və Aytən adında iki bacısı var.
İkinci Qarabağ müharibəsi başlayan ilk günlərində - sentyabrın 21-də Sabirabad rayonu hərbi komisarlığı tərəfindən səfərbərliyə çağırılıb.
Sentyabrın 27-dən döyüşlərə qatılıb. Fərid döyüşlərə Füzulidə başlayıb. Döyüşlərdə hava hücumundan düşmənə qarşılıq verib.
Oktyabrın 31-də Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə düşmən tərəfindən atılan artilleriya atəşi nəticəsində şəhid olub.
Şəhidlik zirvəsinə ucalan Fərid Hüseynov Sabirabad rayonunun Qaralar qəbirsanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Fərid Hüseynov ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.