Azərbaycan Silahlı Qüvvələrinin XTQ kəşfiyyatçısı. Vətən müharibəsi şəhidi Seymur Mahir oğlu Qocayev 29 yanvar 1996-ci ildə Quba rayon Bağbanlı qəsəbəsində dünyaya gəlib.
Qubanın Bağbanlı qəsəbəsində anadan olan Seymur Xüsusi Təyinatlı Qüvvələrin tarix yazaraq şəhadətə yüksələn kəşfiyyatçılarındandır. 44 günlük Vətən müharibəsində peşəkar kəşfiyyatçı kimi ən öndə savaşan 24 yaşlı Seymur, Murovdağ zirvəsi, Cəbrayıl və Xocavənd istiqamətində gedən döyüşlərdə, eləcə də Hadrut qəsəbəsinin düşməndən azad olunmasında böyük şücaət göstərib.
Şəhid kəşfiyyatçımız Seymur daim şəhidlərimizin qisasını almaq və torpaqlarımızı azad etmək istəyi ilə yaşayıb. Bu arzusunu reallaşdırarkən noyabrın 7-də Şuşa uğrunda döyüşlərdə özü də şəhid olur.
Döyüş yoldaşlarının sözlərinə görə, hər zaman irəli getməyə can atırdı Seymur.. O, şiddətli Şuşa döyüşlərində şəhidlik zirvəsinə ucalır
Şuşanın azad edilməsindən bir gün əvvəl şəhid olan Seymura böyük Qələbə sevincini yaşamaq qismət olmadı. Lakin onun və onun kimi igidlərin sayəsində 3 rəngli bayrağımız Şuşaya sancıldı.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamına əsasən Seymur Qocayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Şəhid kəşfiyyatçı, həmçinin "Igidliyə görə", "Şuşanı azad olunmasına görə", ”Döyüşdə fərqlənməyə görə” medalları ilə də təltif edilib.