Etibar Ələddin oğlu Həsənov 1991-ci il fevralın 7-də Gədəbəy rayonunun Qarıkənd kəndində anadan olub. 1997-ci ildə həmin kənddə birinci sinfə gedib. 2006-cı ildə Gədəbəy rayon Peşə liseyinə daxil olub. 2009-cu ildə liseyi bitirərək, geniş profilli təmirçi-çilingər peşəsinə yiyələnib.
2009–2010-cu illərdə həqiqi hərbi xidmətdə olub. Hərbi xidmətini başa vurduqdan sonra kəndə qayıdaraq təsərrüfat işləri ilə məşğul olub. 2013-ci ildə ailə həyatı qurub. Bir oğlan, bir qız övladı dünyaya gəlib.
Amma hərbi sahəyə marağı və meyli olan Etibar 2019-cu ilin iyun ayında yenidən ordu sıralarına qayıdıb, müddətdən artıq hərbi qulluqçu kimi xidmətə başlayıb.
Azərbaycanın ərazi bütövlüyü uğrunda başlamış Vətən müharibəsində könüllü iştirak edib, Füzuli və Şuşa uğrunda döyüşlərdə şücaət göstərib. Noyabrın 9-da Şuşada gedən döyüşlərdə şəhid olub. Noyabrın 12-də doğulduğu kənddə torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Həsənov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Həsənov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Etibar Həsənov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.