Turxan Allahverdiyev 1996-cı il 5 aprelin 5-də Gədəbəy rayonunun İnəkboğan kəndində anadan olub. 2002-ci ildə Niyaz İsgəndərov adına İnəkboğan kənd tam orta məktəbdə 1-ci sinifə daxil olub. 2013-cü ildə məktəbi bitirib.
Turxan 2014-cü il, aprel ayının 8-də Gədəbəy Rayon Hərbi komissarlığına çağırılıb. Hərbi xidmətini Milli Qvardiyada (XDMX — Xüsusi Dövlət Mühafizə Xidməti) göstərib. 2015-ci ilin oktyabr ayında tərxis olub. 2019-cu ilin iyul ayında MAXE (müddətdən artıq xidmət edən hərbi qulluqçu) kimi fəaliyyətə başlayıb.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda Turxan Allahverdiyev könüllü olaraq döyüş bölgəsinə yollanıb. Şuşada gedən döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirib. Qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlib.
Noyabr ayının 12-də doğulduğu Gədəbəy rayonunun İnəkboğan kənd qəbiristanlığında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Turxan Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.