Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Şahin Əlicuvan oğlu Hümbətovdur.
Şahin Hümbətov 1986-cı il noyabrın 24-də Sabirabad rayonunun Minbaşı kəndində anadan olub.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Şahin Hümbətov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Şahin Hümbətov oktyabrın 26-da Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahin Hümbətov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən, Şahin Hümbətov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Şahin Hümbətov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Şahin Hümbətov ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.