Mahir Dadaşzadə 1993-cü il sentyabrın 1-də Beyləqan rayonunun Allahyarlı kəndində anadan olub.Ailəli idi.Mahir Dadaşzadə 2016-cı ilin 2–5 aprelində baş verən Aprel döyüşlərində və 2020-ci ilin 12–16 iyulunda baş verən Tovuz döyüşlərində savaşıb.
Azərbaycan Ordusunun baş leytenantı olan Mahir Dadaşzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovun, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Mahir Dadaşzadə Vətən müharibəsində 20-dən çox yaralı hərbçini döyüş meydanından çıxarıb.Mahir Dadaşzadə Oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Beyləqan rayonu Şəhidlər Xiyabanında dəfn olunub.
Kürdəmir Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Beyləqan rayon Heydər Əliyev Mərkəzində şəhid Dadaşzadə Mahir Qərib oğlunun doğum günü münasibətilə tədbir keçirilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Mahir Dadaşzadə ölümündən sonra " Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.