Amal Seyfəddin oğlu Alişanlı 2001-ci il, fevralın 11-də Yardımlı rayonunun Qabaqdibi kəndində anadan olub. 44 günlük Vətən müharibəsi başlayanda cəmi 19 yaşı vardı...
2019- cu ilin aprelində Şirvan şəhərindəki, Hərbi Səfərbərliyə Çağırış şöbəsindən həqiqi hərbi xidmətə çağırılan Amal Alışanlı, Gəncə şəhərindəki “N”saylı hərbi hissədə xidmət edib. Bir neçə ay sonra, Xüsusi Təyinatlı Dəstədə xidmət etmək üçün, Cəlilabad rayonunun Göytəpə sərhəd zastavasına göndərilib.
Ordudan təxliyyə edilməsinə 3 gün qalmış Vətən müharibəsi başlayıb. 2020-ci il, sentyabrın 25-də anası Heyranə xanıma zəng edərək, evə qayıtmayacağını bildirib və ondan xeyir-dua istəyib. Bu onun ailəsi ilə sonuncu əlaqəsi olub.
Amal döyüşə Füzuli rayonundan başlayıb, düşmənin xeyli sayda texnikasını və canlı qüvvəsini məhv edib. 2020-ci ilin 2 oktyabr tarixində Cəbrayılın düşmən işğalından azad edilməsi uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olub.
Amal Alışanlı, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə “İgidliyə görə”, “Vətən müharibəsi iştirakçısı", “Kəlbəcərin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şücaətə görə” medalları ilə təltif edilib.